AZ

Ermənistanla “müharibə”yə Lavrov da qoşuldu - SENSASİON DETALLAR

Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik pik həddinə yaxınlaşır. Maraqlısı budur ki, hər zaman Ermənistanı müdafiə edən Rusiyanın baş diplomatı da Ermənistanla təhdid dilində danışır.

Avropa İttifaqı Ermənistanı öz orbitinə çəkir və İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşir.

Musavat.com bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Bizim Ermənistanla münasibətlərimiz var və bu əlaqələr müttəfiqlər kimi yaxındır. Amma eyni zamanda, onlar mürəkkəbdir. Qərbin bəzi digər MDB üzvlərindən nümunə götürərək Ermənistanı necə özünə tabe etdirməyə, Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrini kəsməyə çalışdığını nəzərə alsaq”, Lavrov jurnalistlərə bildirib.

Erməni qanı daşıdığı ilə fəxr etdiyini deyən Lavrovun Ermənistanı hədələməsi hanı mənanı verir? Proseslər hansı məcrada davam edə bilər?

Deputat Rizvan Nəbiyev Musavat.com-a açıqlamasında bildirdi ki, Sergey Lavrovun Ermənistanla bağlı son açıqlamaları Moskvanın Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara verdiyi reaksiyanın açıq ifadəsidir:

Rizvan

“Lavrovun “Avropa İttifaqı Ermənistanı öz orbitinə çəkir” və “İrəvan Aİİ çərçivəsində imtiyazlarını itirə bilər” mesajı əslində Kremlin Ermənistan rəhbərliyinə yönəlmiş siyasi xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Son illərdə xüsusilə Baş nazir Nikol Paşinyan hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətlərində müəyyən soyuqluq yaranıb. Ermənistan rəhbərliyi KTMT-nin fəaliyyətini tənqid edib, Rusiyanın təhlükəsizlik zəmanətlərinin işləmədiyini bəyan edib, Avropa İttifaqı ilə münasibətləri genişləndirib, Fransa və ABŞ-la müdafiə əməkdaşlığını artırıb. Paşinyan hökuməti eyni zamanda Avropa İttifaqının iki missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə razılıq verib. Moskva isə bu prosesi sadəcə diplomatik balans siyasəti deyil, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşması kimi qəbul edir”.

Milli Məclis üzvü qeyd etdi ki, Lavrovun “digər MDB ölkələrinin ssenarisi” ifadəsi də təsadüfi deyil: “Bu mesaj dolayısı ilə Ukrayna, Gürcüstan və Moldova nümunələrinə işarədir. Kremlin yanaşmasına görə, Qərb əvvəlcə iqtisadi və siyasi inteqrasiya təklif edir, daha sonra həmin ölkələri Rusiyanın geosiyasi məkanından çıxarmağa çalışır. Bu baxımdan Lavrovun açıqlaması yalnız Ermənistana deyil, bütövlükdə postsovet məkanına yönəlmiş siqnal xarakteri də daşıyır”.

R.Nəbiyevin sözlərinə görə, Rusiya mediası və ekspert dairələri məsələyə daha sərt yanaşır:

“Kremlə yaxın platformalarda Ermənistanın “strateji səhv etdiyi”, Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşmasının ağır iqtisadi və təhlükəsizlik nəticələri doğura biləcəyi vurğulanır. Xüsusilə Ermənistan iqtisadiyyatının böyük ölçüdə Rusiya bazarından, enerji sisteminin isə Rusiyadan asılı olduğu qeyd edilir. Eyni zamanda Ermənistan vətəndaşlarının mühüm hissəsinin gəlirlərinin Rusiyadakı əmək bazarı ilə bağlı olması ön plana çəkilir. Rusiyada dominant tezis belədir ki, Avropa İttifaqı Ermənistan üçün Rusiyanın təhlükəsizlik rolunu əvəz edə bilməz”.

Deputat Ermənistan daxilində məsələyə münasibətin fərqli olduğunu vurğulayıb:

“Hakimiyyətə yaxın dairələr Lavrovun bəyanatlarını “təzyiq dili” və “imperial yanaşma” kimi təqdim edir. Ermənistan cəmiyyətində artıq geniş yayılmış fikir ondan ibarətdir ki, Rusiya 2020-ci ildən sonra regionda əvvəlki təsir imkanlarını itirib və İrəvan üçün əvvəlki səviyyədə etibarlı təhlükəsizlik tərəfdaşı deyil. Müxalif və Rusiyaya yaxın qüvvələr isə əksinə, Paşinyan hakimiyyətini Moskva ilə münasibətləri korlamaqda ittiham edir və hesab edirlər ki, Qərb Ermənistana real təhlükəsizlik zəmanəti vermir”.

Deputat əlavə edib ki, Avropa siyasi dairələri Ermənistanın Qərbə yaxınlaşmasını “strateji transformasiya” kimi təqdim edir:

“Xüsusilə Fransa və Brüsselə yaxın platformalarda Ermənistan “demokratik tərəfdaş” kimi göstərilir və Rusiyanın təsir dairəsindən uzaqlaşma müsbət geosiyasi dəyişiklik hesab olunur. Burada əsas məqsəd Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını zəiflətməklə yanaşı, Fransanın nüfuz dairəsinin genişləndirilməsidir. Bu isə Ermənistanı mümkün geosiyasi konfrantasiyanın ön planına atır”.

Millət vəkili digər mühüm amilə də diqqət çəkdi:

“Azərbaycan baxımından isə proseslər daha praqmatik qiymətləndirilə bilər. Rəsmi Bakı uzun illərdir milli maraqlara əsaslanan, balanslı xarici siyasət kursu həyata keçirir və həm Rusiya, həm də Qərblə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir.

Azərbaycanda əsas yanaşma ondan ibarətdir ki, Ermənistan hazırda ciddi geosiyasi seçim qarşısındadır. Uzun illər təhlükəsizlik baxımından tam Rusiyadan asılı olan forpost İrəvan indi Qərbə yaxınlaşmaqla yeni himayəçi tapmağa çalışır. Lakin bu keçid özü ilə ciddi risklər də gətirir. Azərbaycan üçün əsas məsələ Ermənistanın hansı geosiyasi blokda yer almasından daha çox, regionda revanşizmin və silahlanmanın artmamasıdır. Xüsusilə Fransa-Ermənistan hərbi əməkdaşlığının genişlənməsi narahatlıq doğurur. Eyni zamanda Bakı haqqlı olaraq hesab edir ki, Ermənistanın Qərb-Rusiya rəqabət meydanına çevrilməsi regionda uzunmüddətli sabitliyə mənfi təsir göstərə bilər”.

R.Nəbiyevin fikrincə, ümumilikdə Lavrovun son açıqlamaları göstərir ki, Ermənistan Rusiyanın təhlükəsizlik orbitindən qismən uzaqlaşmağa çalışır, Moskva isə bunu strateji itki kimi qəbul edir:

“Qarşıdakı dövrdə, xüsusilə seçkidən sonra Ermənistanın həm Rusiya ilə münasibətlərində, həm də Qərblə inteqrasiya prosesində daha mürəkkəb və həssas mərhələnin başlaması ehtimalı yüksək görünür”.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr