AZ

Bakıdan mühüm mesaj - neokolonializm Qlobal Cənubun üzərində mürtəce nəzarət cəhdidir...



Məlum olduğu kimi, Bakıda Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası öz işinə başlayıb. Tədbirdə Qlobal Cənubun dünya proseslərində rolunun artırılması, bu böyük regionun ölkələrini narahat edən digər aktual məsələlər müzakirə olunub. Tədbirin spikerlərindən biri beynəlxalq və regional gündəliyin əsas məsələləri üzrə rəsmi Bakının mövqeyini təqdim edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olub.

Bir çox məsələlərə toxunan H.Hacıyevin sözlərinə görə, Qlobal Cənub ölkələri tarixən kolonializm və neokolonializmdən çox əziyyət çəkib, problemin özü isə indiyədək aktual olaraq qalır: "Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük". Neokolonializm probleminin hələ də qalmasının səbəblərinə toxunan H.Hacıyev vurğulayıb ki, bəzi ölkələr BMT-nin Dekolonizasiya Komitəsinin öz mandatını tam şəkildə yerinə yetirməsinə mane olurlar: "Biz həmçinin təəssüflə qeyd edirik ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər". H.Hacıyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini də xatırladıb. Qeyd edək ki, müasir dünyada siyasi müstəqillik əldə etmiş bir çox ölkə formal olaraq azad sayılsa da, iqtisadi və siyasi baxımdan hələ də keçmiş müstəmləkə sisteminin təsirlərindən tam qurtula bilməyib. Qlobal Cənub adlandırılan Afrika, Latın Amerikası, Asiya və bəzi okean regionu ölkələri uzun illər ərzində kolonializmin yaratdığı problemlərlə üz-üzə qalıb, sonrakı dövrdə isə neokolonializm vasitəsilə yeni asılılıq formaları ilə qarşılaşıb. Bu vəziyyət həmin ölkələrin inkişafına ciddi maneələr yaradır. Kolonializm dövründə Avropa dövlətləri zəngin təbii resurslara malik əraziləri işğal edərək onları iqtisadi qazanc mənbəyinə çevirib. Yerli xalqların torpaqları ələ keçirilib, sərvətlər xarici şirkətlər tərəfindən istismar olunub və əhali ucuz əmək qüvvəsi kimi istifadə edilib. Bu proses nəticəsində bir çox ölkənin təbii sərvətləri talan edilib, milli iqtisadiyyat isə yalnız xammal ixracına əsaslanan zəif sistemə çevrilib. Müstəqillik əldə edildikdən sonra belə, həmin ölkələr sənayeləşmə və iqtisadi inkişaf baxımından geridə qalıb.

Kolonializmin digər mühüm nəticəsi sosial və siyasi sabitsizlik olub. Müstəmləkəçi dövlətlər sərhədləri yerli xalqların etnik və mədəni xüsusiyyətlərini nəzərə almadan müəyyən ediblər. Bunun nəticəsində bir çox regionlarda etnik qarşıdurmalar, vətəndaş müharibələri və siyasi böhranlar meydana çıxıb. Afrika qitəsində yaşanan bir sıra münaqişələrin kökündə məhz kolonial dövrdə yaradılmış süni sərhədlər dayanır. Bu problemlər dövlətlərin sabit idarəçilik qurmasına və uzunmüddətli inkişaf strategiyası həyata keçirməsinə mane olur. Müstəmləkəçilik formal olaraq sona çatsa da, neokolonializm yeni nəzarət mexanizmi kimi ortaya çıxıb. Neokolonializm bir dövlətin başqa dövlət üzərində birbaşa işğal olmadan iqtisadi, siyasi və mədəni təsir vasitəsilə üstünlük qurması deməkdir. İnkişaf etmiş ölkələr və beynəlxalq maliyyə institutları bir çox Qlobal Cənub ölkələrini borc asılılığına salır. Xarici kreditlər və investisiyalar ilk baxışdan inkişaf üçün imkan yaratsa da, əksər hallarda həmin ölkələri iqtisadi baxımdan xarici güclərdən asılı vəziyyətə gətirir. Bundan əlavə, transmilli şirkətlər Qlobal Cənub ölkələrinin təbii resurslarından böyük gəlirlər əldə edir, lakin yerli əhali bu sərvətlərdən lazımi səviyyədə faydalana bilmir. Neft, qızıl, kobalt və digər strateji resursların hasilatı zamanı ətraf mühit çirklənir, işçi hüquqları pozulur və əldə olunan gəlirin böyük hissəsi xaricə çıxarılır. Bu vəziyyət iqtisadi bərabərsizliyi daha da dərinləşdirir. Bununla yanaşı, Qlobal Cənub ölkələri son illərdə bu asılılıqdan qurtulmaq üçün müxtəlif addımlar atmağa çalışırlar. Regional əməkdaşlıq təşkilatlarının yaradılması, yerli istehsalın gücləndirilməsi və yeni iqtisadi tərəfdaşlıqlar bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Xüsusilə təhsil və texnologiyaya investisiya qoyuluşu həmin ölkələrin daha müstəqil inkişaf etməsinə kömək edə bilər.

Tahir TAĞIYEV

Seçilən
12
baki-xeber.com

1Mənbələr