AZ

Asif İbrahimov: “Ən çox dəyişikliklərə məruz qalan sənədlərdən biri də əmək qanunvericiliyidir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əmək Məcəlləsinə görə, işçi əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək üçün işəgötürəni ən azı 1 ay əvvəl yazılı şəkildə xəbərdar etməlidir.

Bizimyol.info xəbər verir ki, bir ay tamam olduqdan sonra işçi işə çıxmamaq və son hesablaşmanın aparılmasını tələb etmək hüququna malikdir. İşəgötürən bunu yerinə yetirməyə borcludur.

Bəzi hallarda isə işçi ərizəsində göstərdiyi tarixdə işdən çıxa bilər. Bu hallar aşağıdakılardır:

yaşa və ya əlilliyə görə pensiyaya çıxma;təhsil müəssisəsinə qəbul olunma;başqa yaşayış yerinə köçmə;seksual qısnamaya məruz qalma;başqa iş yeri ilə əmək münasibətinə dair yazılı razılığın olması.

İşçi verdiyi ərizəni xəbərdarlıq müddəti bitənədək geri götürə bilər. Bu zaman əmək müqaviləsinə xitam verilə bilməz. Yalnız işəgötürən həmin vəzifəyə yeni işçi qəbul ediləcəyi barədə rəsmi yazılı bildiriş veribsə, ərizənin geri götürülməsi mümkün olmaya bilər.

Əgər işçi ərizəsində konkret çıxış tarixini göstərməyibsə, işəgötürən bir aylıq müddət bitmədən müqaviləyə xitam verə bilməz.

Qanunvericilik həmçinin işçiyə məzuniyyət götürərək məzuniyyət bitən gün işdən çıxmaq hüququ verir. İşçi məzuniyyət müddəti bitənədək ərizəsini geri götürə bilər və işəgötürən bunu qəbul etməlidir.

Bundan əlavə, işəgötürənin hədə-qorxu, təzyiq və ya məcburetmə yolu ilə işçini “öz ərizəsi ilə” işdən çıxmağa məcbur etməsi qanunsuz hesab olunur.

Praktikada bəzi işəgötürənlərin işçinin işdən çıxmasına mane olması əmək bazarına və işçi hüquqlarına necə təsir edir?

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, işçi ən azı bir ay əvvəl xəbərdarlıq etdikdən sonra sərbəst şəkildə əmək münasibətlərinə xitam verə bilər: “Ümumiyyətlə əmək münasibətlərini Azərbaycanda Əmək Məcəlləsi tənzimləyir. Əmək Məcəlləsi ilə də bağlı tələblər odur ki, işəgötürənlə işçi arasında daimi olaraq işə başlamazdan əvvəl əmək müqaviləsi bağlanmalıdır. Ona görə bağlanır ki, tərəflərin səlahiyyətləri, öhdəlikləri, qanunveriviliklə verilmiş məsuliyyət bölgüsü və s. kimi məsələlər orda öz həllini tapır, yəni çərçivələr müəyyənləşdirilir. Kimin hüququ, səlahiyyəti nəyə çatır, hansı formada işdən ayrıla bilər, hansı formada işdən çıxarıla bilər və bu kimi məsələlər göstərilir.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericilikdə müəyyən qaydalar mövcuddur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçi əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verə bilər. Lakin bunun üçün işəgötürəni ən azı bir ay əvvəl yazılı şəkildə xəbərdar etməlidir.

Xəbərdarlıq müddəti başa çatdıqdan sonra işçi işə çıxmamaq və son haqq-hesabın aparılmasını tələb etmək hüququna malikdir. İşəgötürən də bu tələbin icrasını təmin etməyə borcludur. Əmək qanunvericiliyində açıq şəkildə göstərilir ki, işçi ən azı bir ay əvvəl xəbərdarlıq etdikdən sonra sərbəst şəkildə əmək münasibətlərinə xitam verə bilər”.

Asif İbrahimov həmçinin vurğulayıb: “Bəzi hallarda isə işçi ərizəsində göstərdiyi tarixdən etibarən əmək müqaviləsinə xitam verə bilər. Bu qanunvericilikdə nəzərdə tutulmuş istisna hallardır. Məsələn, işçi yaşa və ya əlilliyə görə pensiyaya çıxırsa, təhsil müəssisəsinə qəbul olunub təhsil almaq üçün işdən ayrılırsa, başqa yaşayış yerinə köçürsə, yəni bir şəhərdən başqa bir şəhərə köçürsə və bileti varsa, bu halda bir aylıq müddəti gözləməyə bilər.

Eyni zamanda irqi və dini ayrı-seçkilik, seksual xarakterli qısnama halları, yaxud başqa işəgötürənlə əmək münasibətlərinə dair yazılı razılaşmanın olması kimi hallar da əmək müqaviləsinə daha qısa müddətdə xitam verilməsi üçün əsas hesab oluna bilər. Təbii ki, bu qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

İşçi verdiyi ərizəni xəbərdarlıq müddəti başa çatanadək geri götürə bilər. Bu, adətən işəgötürənin razılığı ilə mümkün olur və həmin halda əmək müqaviləsinə xitam verilməyə bilər. Lakin işəgötürən həmin vəzifəyə yeni işçinin qəbul ediləcəyi barədə rəsmi və ya yazılı bildiriş vermişdirsə, ərizənin geri götürülməsi artıq mümkün olmaya bilər.

İşçi ərizəsində konkret tarix göstərməyibsə, işəgötürən bir aylıq xəbərdarlıq müddəti başa çatmadan əmək müqaviləsinə xitam verə bilməz”.

Asif İbrahimov qeyd edib: “Qanunvericilik işçiyə məzuniyyət hüququ ilə bağlı da imkanlar yaradır. Yəni hər bir işçi əmək stajından asılı olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə məzuniyyət hüququ əldə edir. İşçi məzuniyyət müddətinin başa çatdığı gün əmək müqaviləsinə xitam verilməsi barədə müraciət edə bilər. Bu müddət ərzində isə ərizəsini geri götürmək hüququna malikdir və belə halda işəgötürən bunu qəbul etməlidir.

Eyni zamanda işəgötürən tərəfindən təzyiq, hədə-qorxu və ya məcburiyyət yolu ilə işçinin öz ərizəsi ilə işdən çıxmağa vadar edilməsi qanunvericiliyə ziddir. Belə hallarda işçinin şikayəti əsasında Azərbaycanda bu funksiyanı həyata keçirən Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparıla bilər. Bu isə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradan hallardan hesab olunur”.

Asif İbrahimov əlavə edib: “Beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun olaraq, ən çox dəyişikliklərə məruz qalan sənədlərdən biri də əmək qanunvericiliyidir. Müxtəlif xoşagəlməz halların baş verməsi və şikayət statistikasının artması səbəbindən dünyanın bir çox ölkəsində əmək münasibətlərini tənzimləyən qanunvericiliyə mütəmadi dəyişikliklər edilir, sosial məsuliyyət standartları əlavə olunur. Qanunvericilik mümkün qədər yeni əmək bazarının tələblərinə uyğunlaşdırılır. Bu da yeni trendlərə uyğun olaraq Azərbaycanda son dəyişikliklərdə bu kimi məsələlər Əmək Məcəlləsində bir-bir öz əksini tapmışdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr