ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rafiq ƏLİYEV
Həyatda insanı ətrafa sevdirən, yaddaşlarda yaşadan onun nəcib əməlləridir. Cəmiyyətin diqqətini həmişə müsbət mənəvi keyfiyyətləri ilə qəlblərə rahatlıq, təsəlli, ümid bəxş edənlər çəkib. Onlar barədə düşüncələri sadəcə sözlərlə ifadə etmək çox çətindir. Xeyirxah əməlləri, mərhəməti, fədakarlığı ilə yüzlərlə qəlbi işıqlandıran belə şəxsiyyətlər nə qədər yüksək vəzifələrə, adlara, mükafatlara layiq görülsələr də, barələrində nə qədər gözəl sözlər deyilsə də, heç zaman həyatdakı əsas missiyalarını unutmur, fəaliyyətlərində insan amilini bir anlıq da olsa, arxa plana keçirmirlər. Bizim bugünkü qonağımız - tanınmış yazıçı, ictimai xadim, millət vəkili, texnika elmləri doktoru, professor, dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərlərin müəllifi, müxtəlif beynəlxalq ədəbiyyat təşkilatlarının üzvü Hüseynbala Mirələmov kimi.
Doğmaların, dostların, tanışların sadə insan kimi tanıdıqları Hüseynbala Mirələmov... Onu tanıyanlar yaxşı bilirlər ki, yanına məsləhət üçün gəlmiş kimsəni əliboş geri qaytarmaz, heç kimdən dəstəyini əsirgəməz. Bəlkə də bu sadəliyinə onun keçdiyi ömür yolu səbəb olub. Həyatda ilk uğurlarını geniş, işıqlı kabinetlərdə deyil, zəhmətkeş insanların arasında istehsalat müəssisələrində əldə etməyə başlamış Hüseynbala müəllim Neft-Kimya Prosesləri İnstitutunu bitirər-bitirməz əldə etdiyi elmi biliklərini zavodda istehsalat təcrübəsi ilə zənginləşdirib. O, yaxşı anlayırdı ki, elmi nailiyyətlər yalnız laboratoriya və auditoriyalarda əldə olunmur, həyat təcrübəsi, ünsiyyət, zəhmətlə mükəmməlləşir. Zavodda çalışan zəhmətkeş insanlarla gündəlik ünsiyyət, kollektiv məsuliyyət onu təkcə öz ixtisası üzrə deyil, insanları anlamaq baxımından da peşəkarlaşdırır. Daha sonra fəaliyyətini kafedrada elmi ixtiralar üzrə davam etdirən H.Mirələmov neft-kimya sahəsində ciddi elmi nailiyyətlər əldə edir.
Bir müddətdən sonra o, texnika elmləri üzrə doktor, professor, mühüm elmi ixtiraların müəllifi olur. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində ictimai fəaliyyəti sayəsində onun rəğbət və etimad bəslədiyi insanlardan birinə çevrilir. Daha sonra parlamentdəki fəaliyyəti sayəsində onun çevrəsi daha da genişlənir, xalqa daha çox yaxınlaşır. Millət vəkili olmaq onun üçün heç zaman rəsmi fəaliyyət olmayıb. İnsanlarla yaxın ünsiyyəti, onların problemləri, qayğıları ilə maraqlanması, dəstək verməsi Hüseynbala müəllimi qısa zamanda minlərlə insanın sevimlisinə çevirir. İctimai fəaliyyət onu bir gün belə olsun ədəbi fəaliyyətdən uzaqlaşdırmır. İstər elmi, istərsə də ictimai-siyasi fəaliyyətlə məşğul olduğu dövrlərdə ədəbi yaradıcılığını davam etdirir, bir-birindən maraqlı əsərlər ərsəyə gətirir. Yazdığı çoxsaylı kitablar, poemalar, pyeslər, Heydər Əliyev və Zərifə xanım Əliyevanın, o cümlədən digər tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına həsr etdiyi publisistik məqalələr, səhnələşdirilmiş əsərlər oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanır.
Mədəniyyət və teatr hər zaman H.Mirələmovun həyatının mərkəzində yer tutub. Şuşa işğaldan azad olunduqdan sonra Şuşa Musiqili Teatrının yaradılmasını ölkənin mədəni dirçəlişinin əsas hadisəsi hesab etdiyi üçün bu layihədə yaxından iştirak edir.
H.Mirələmov nəsr, dramaturgiya, publisistika sahələrində zəngin və çoxşaxəli yaradıcılıq nümunələri ilə müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun yaradıcılıq irsi hər şeydən öncə vətən sevgisi, milli-mənəvi, tarixi dəyərlərin qorunması, tarixi hadisələrin və şəxsiyyətlərin təbliği, humanist ənənələrə sadiqliyi, insanın psixoloji-mənəvi aləminin dərinliklərinə nüfuz etməsi kimi vacib xüsusiyyətləri baxımından mühüm əhəmiyyətə malikdir.
Onun "Durnalar qayıtdı", "Son arzu", "Tənha durna uçuşu", "Güllələnmiş heykəllərin fəryadı" əsərləri, "Simuzər", "Babadil əfsanəsi", "Gəlinlik paltarı", "Qırxıncı otaq" romanları, "Xəcalət", "Cəza" povestləri və bir sıra digər əsərlərində insan və zaman anlayışları mərkəzi yer tutur. Xüsusilə "Xəcalət" əsəri həm psixoloji dərinliyi, həm də sosial məzmunu ilə oxucuda güclü emosional təəssürat yaradır. Daha çox tarixi mövzulara müraciət edən yazıçının 2020-ci ildə nəşr olunmuş "Süqut", "Bənövşəyi əncir" və "Çaldıran yolu" romanlarının daxil olduğu "İki şah, iki sultan" trlogiyası türk dünyasının tarixinin və mənəvi dəyərlərinin təbliği baxımından çox qiymətli əsərlərdir.
Yazıçının publisistik fəaliyyəti də olduqca diqqətəlayiqdir. Onun "Molodaya qvardiya" nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından çap olunan Ulu öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında kitabları müasir Azərbaycanın siyasi tarixini bədii dildə təqdim edən dəyərli nümunələrdir. Həmin kitablar bir çox xarici dillərə tərcümə olunaraq nəşr edilib və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında xüsusi rol oynamaqdadır. Həmin əsərlərdə bu dahi şəxslərin təkcə müdrikliyi, dahiliyi deyil, həm də dövrün ruhu, ictimai dəyişikliklərin dinamikası əks olunur.
Hüseynbala Mirələmovun elmi və bədii yaradıcılığı istər dövlət, istərsə də xalq tərəfindən daim yüksək qiymətləndirilib. Elmi fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsindəki uğurlu fəaliyyəti də ona cəmiyyətdə böyük hörmət və nüfuz qazandırmışdır. Əlbəttə, onun bu xüsusiyyətləri diqqətdən kənarda qala bilməzdi və o, fəaliyyət sahələrindəki uğurlarına görə müstəqil dövlətimizin orden, medal və mükafatları ilə təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. "Şöhrət" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı, "Akademik Yusif Məmmədəliyev" və "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafatlar, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət" medalı, "İlin yazıçısı" mükafatı,"Qızıl qələm" mükafatı və bir çox digər fəxri adlar və mükafatlar onun layiq görüldüyü təltiflərin yalnız bir qismidir.
Bütün bunlar Hüseynbala Mirələmovun həyat və fəaliyyətinin nə qədər geniş, çoxşaxəli, səmərəli və məhsuldar olduğunun göstəriciləridir. H.Mirələmovun adı bu gün təkcə ictimai-siyasi sahədə deyil, həm də ölkənin hüdudlarından kənarda ədəbi mühitdə də tanınır. Qazandığı məşhurluğa, uğurlara baxmayaraq, o, bu gün də öz sadəliyi, qayğıkeşliyi, fədakarlığı ilə sevilib seçilir. Keçdiyi həyat yolu ilə Hüseynbala müəllim bir daha sübut etdi ki, insanı dəyərli edən onun tutduğu vəzifələr, qazandığı mükafatlar deyil, sahib olduğu mənəvi keyfiyyətləridir. Özümüzdən sonra bu fani dünyada qoyub getdiyimiz yalnız xeyirxah əməllərimiz, faydalı işlərimizdir. Məhz bu səbəbdən Hüseynbala Mirələmovun keçdiyi ömür yolu sadəcə ictimai bir xadimin tərcümeyi-hal kimi deyil, ölkəsinə, ətrafa, cəmiyyətə, insanlara bacardığı qədər faydalı olmağa çalışan fədakarlıq nümunəsidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.