İranın xarici işlər naziri Abbas Əraqçi BRİKS ölkələrinin xarici işlər nazirlərinin sammitindən sonra dünya iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazındakı vəziyyətlə bağlı mühüm bəyanat verib.
Musavat.com xəbər verir ki, Əraqçi boğazın kommersiya gəmiçiliyi üçün tam qapalı olmadığını, lakin keçid prinsiplərinin dəyişdiyini vurğulayıb. Hindistan mediasına verdiyi müsahibədə nazir qeyd edib ki, Hörmüz boğazı xüsusilə "dost ölkələr" üçün açıq qalmaqda davam edir. Bununla belə, o, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün digər ölkələrə məxsus gəmilərə müraciət edərək, boğazdan keçməzdən əvvəl öz hərəkətlərini İran hərbçiləri ilə əlaqələndirməyi tövsiyə edib. "Hörmüz boğazı bildiyimiz qədər bağlı deyil, xüsusən də dost ölkələr üçün. Digər bütün ölkələrə məxsus gəmilərə isə sadəcə keçidlərini bizim hərbçilərimizlə razılaşdırmaq təklif olunur", — deyə Əraqçi bildirib. Bu bəyanat regionda davam edən hərbi gərginlik və ABŞ-ın blokada tədbirləri fonunda İranın strateji su yolları üzərindəki nəzarətini rəsmən nümayiş etdirməsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, Tehran bu gedişlə boğazdan keçən beynəlxalq gəmiçilik trafikini öz hərbi filtri altından keçirməyə çalışır. Bu isə beynəlxalq dəniz hüququ və naviqasiya azadlığı məsələləri ətrafında yeni müzakirələrə yol aça bilər.
Musavat.com