AZ

BƏƏ yeni neft kəmərinin tikintisini sürətləndirir - Hörmüz asılılığı başa çatacaq

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) şirkətin Fuceyra əmirliyi vasitəsilə ixrac gücünü ikiqat artıracaq yeni Qərb-Şərq boru kəmərinin tikintisini sürətləndirəcək.

Musavat.com xəbər verir ki, məlumatı Əbu-Dabi hökumətinin mətbuat xidməti yayıb. Bildirilir ki, işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

ADNOC İcraiyyə Komitəsinin iclasından sonra verilən açıqlamada deyilir:

"Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ADNOC-un Fuceyra vasitəsilə ixrac gücünü ikiqat artıracaq yeni Qərb-Şərq boru kəməri layihəsi barədə məlumatlandırılıb. Boru kəməri hazırda tikinti mərhələsindədir və 2027-ci ildə istifadəyə verilməsi gözlənilir".

Bəyanatda vurğulanıb ki, iclasa sədrlik edən vəliəhd "şirkət rəhbərliyinə layihənin həyata keçirilməsini sürətləndirmək tapşırığı verib".

Hazırda BƏƏ neftinin Hörmüz boğazından yan keçməklə daşınmasının əsas marşrutu 2012-ci ildə istifadəyə verilmiş Habshan-Fuceyra boru kəməridir. Onun ötürmə qabiliyyəti gündə təxminən 1,5 milyon bareldir. Yeni Qərb-Şərq boru kəmərinin tikintisi BƏƏ-yə Oman körfəzi sahilində yerləşən Fucayra limanı vasitəsilə qlobal bazarlara karbohidrogen tədarükünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Qərb-Şərq layihəsi Əbu-Dabinin Habshan bölgəsindəki quru yataqlarını Fucayradakı əsas neft terminalı ilə birləşdirən 500 kilometrlik neft kəmərini nəzərdə tutur. Boru kəmərinin tikintisinə 2025-ci ilin fevral ayında başlayıb və ilk boru qaynaq mərasimi Əbu-Dabinin Əl-Əyn bölgəsində keçirilib. Podratçılardan biri boru kəmərinin bir neçə hissəsinin tikintisi üçün müqavilə bağlayan Çinin China Petroleum Engineering Construction Corporation şirkətidır.

Qeyd edək ki, BƏƏ bu ilin mayından OPEK və OPEK+ alyanslarından çıxıb. Bu, ölkənin neft hasilatı və ixracını sürətlə artırmaq planından irəli gəlib.

BƏƏ eyni zamanda Körfəz dövlətləri arasında İrana qarşı ən sərt mövqeyi ilə seçilir. Onun öz neft ixracını İranın nəzarətində olan Hörmüz boğazından asılılıqdan qurtarmaq istəyi də bu mövqedən qaynaqlanır.

İranla ABŞ arasında münaqişənin sülhlə bitməsi bir neçə ay ərzində Hörmüzlə ixracın tam bərpa olunması ilə nəticələnəcək. Hesablamalara görə, sülh razılaşması əldə olunarsa, 2026-cı ilin sonunadək neft bazarında sabitlik bərpa olunacaq. 2027-ci ildən BƏƏ-nin yeni marşrutla ixracı artırması bazarda qiymətləri aşağı çəkən amillərdən biri olacaq.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr