AZ

Dərsliklərdə TERMİN problemi - “Səlib yürüşü” yox, “Səlib hücumu”...

Türkiyənin təhsil naziri Yusuf Tekin, “Əsrin Türkiyə Modeli” adlı yeni təhsil proqramı çərçivəsində xaricdən sırındığı düşünülən bir neçə anlayışın məktəb dərsliklərindən çıxarıldığını açıqlayıb. O sırada, məsələn, “Səlib yürüşləri” “Səlibçi hücumlar”, “coğrafi kəşflər” "müstəmləkəçiliyin başlanğıcı”, “Orta Asiya” isə “Türküstan” adlandırılıb. Nazir “Egey dənizi” termininin də tarixi cəhətdən dəqiq olmadığını bildirib:

“Lozanna müqaviləsi imzalananda Egey dənizi mövcud deyildi. Düzgün termin Adalar dənizidir. Egey dənizi İkinci Dünya Müharibəsindən sonra, qismən Yunanıstanın tələbi ilə istifadəyə verilmiş bir termindir”. Tekinin fikrincə, bu cür terminlər vətəndaşların milli kimliyinə birbaşa təsir edir: “Bunların hamısı xırda şeylər kimi görünə bilər, lakin bir millət olaraq şüurumuza birbaşa təsir göstərir. İmperiya gücləri bizi yaxından izləyir. Milli ruhumuz daim ayıq-sayıq olmalıdır”.

Yusuf

Nazir haqlıdırmı? Azərbaycan da dərsliklərdə oxşar termin islahatına gedə bilərmi?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a deyib ki, Türkiyə Təhsil Nazirliyinin həyata keçirdiyi bu islahat müasir tarix elmi və sosiologiyada postkolonial şüur, yəni müstəmləkəçilikdən sonrakı şüur təmizlənməsi, geosiyasi adlandırma nəzəriyyələrinə əsaslanır: “Nazirin yanaşması elmi-akademik baxımdan emosional deyil, linqvistik və ideoloji təhlillərə söykənən əsaslandırılmış bir yanaşmadır. “Səlib yürüşləri” əvəzinə “Səlibçi hücumlar” ifadəsi tarixşünaslıqda hadisəyə baxış prizmasını dəyişir. Avropa mənbələrində bu proseslər “xaç yürüşləri” kimi dini və legitim hərəkat kimi təqdim edilir, Şərq dünyası, xüsusilə türk və müsəlman coğrafiyası üçün isə bu, ekspansiya və aqressiya formasıdır. “Hücum” termini beynəlxalq hüquq və hərb tarixi baxımından hadisənin təcavüzkar xarakterini daha dəqiq ifadə edir”.

Onun sözlərinə görə, çox maraqlı yanaşmalardan biri də “coğrafi kəşflər” yerinə “müstəmləkəçiliyin başlanğıcı” ifadəsidir: “Bu, diqqətimi xüsusilə cəlb etdi. Əslində həmin proseslər coğrafi kəşf deyil, məhz müstəmləkəçiliyin başlanğıcı kimi məqsəd və niyyət daşıyan hadisələrdir. Təsəvvür edin ki, müstəmləkəçilik məqsədilə həyata keçirilmiş fəaliyyətlər sonradan elmi ədəbiyyatda “coğrafi kəşflər” kimi təqdim olunur və minilliklərdir yaşayan yerli xalqların mövcudluğu gözardı edilir. Bu, elmi irqçilik və epistemik şiddətdir. Bu proseslərin adı iqtisadi və siyasi baxımdan qlobal müstəmləkəçi kapitalizmin başlanğıcıdır. Fransanın Afrikadakı kolonial idarəçiliyi ilə bağlı müasir elmi ədəbiyyatda da müxtəlif yanaşmalar mövcuddur və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mövzudakı kəskin bəyanatlarını da izləyirik. Əslində bunlar tarix faktlarıdır, lakin çox zaman müstəmləkəçi yanaşma ilə təhrif olunaraq təqdim edilir”.
Müsahibimiz əlavə edib ki, “Orta Asiya” yerinə “Türküstan” ifadəsi də bu kontekstdə mühümdür: ““Orta Asiya” termini XIX əsrdə Rusiyanın bölgəni işğalından sonra elmi dövriyyəyə daxil edilərək bölgənin etnik və mədəni kimliyini, xüsusilə türk kimliyini neytrallaşdırmaq məqsədi daşıyırdı. Avropalı coğrafiyaşünas Pombold tərəfindən populyarlaşdırılan bu terminə qarşı bölgənin tarixi adı “Türküstan – türklərin diyarı” kimi xəritələrdə yer alıb. Eyni zamanda “Egey dənizi” əvəzinə “Adalar dənizi” ifadəsi də müzakirə mövzusudur. Elm göstərir ki, coğrafi adlar çox zaman siyasi suverenlik iddialarını da kodlaşdırır. “Egey” termininin dərsliklərə daxil edilməsi Yunanıstanın beynəlxalq hüquqda dəniz sərhədləri və şelf iddialarını legitimləşdirmək üçün istifadə etdiyi kartoqrafik yanaşma kimi də izah olunur”.

İlqar

İlqar Orucov hesab edir ki, Türkiyə Təhsil Nazirliyinin bu tarixi həqiqətləri dərsliklərə gətirməsi müsbət addımdır və Azərbaycan təhsil sistemində də oxşar islahatlara ehtiyac var: “Azərbaycan tarixşünaslığı uzun illər çar Rusiyası və Sovet imperiyasının metodoloji çərçivəsində formalaşıb və dərsliklərimizdə hələ də müstəmləkəçi terminoloji izlər qalır. Bu baxımdan terminoloji islahatlar həm milli təhlükəsizlik, həm də elmi dürüstlük baxımından vacibdir. Eyni zamanda bu, yetişən nəslin düzgün ideoloji və tarixi biliklər əsasında formalaşmasına xidmət edir. Azərbaycan dərsliklərində 1828-ci il Türkmənçay müqaviləsindən sonra baş verən proseslərə yanaşma da yenidən nəzərdən keçirilməlidir. Xarici dərsliklərdə və bəzi mənbələrdə işlədilən “İran Azərbaycanı” ifadəsi əvəzinə “Cənubi Azərbaycan” və ya “Azərbaycanın cənub əraziləri” anlayışlarının daha uyğundur.

Eyni zamanda, Rusiya–İran müharibələri əvəzinə “Azərbaycan torpaqlarının işğalı” ifadəsinin işlədilməsi daha doğru və tarixi reallığı əks etdirən yanaşmadır. XIX əsrin əvvəllərində baş verən hadisələr sadəcə iki imperiya arasında müharibə kimi deyil, Azərbaycan xanlıqlarının müstəqilliyinin ləğvi və bölgənin bölüşdürülməsi prosesi kimi qiymətləndirilməlidir. Ermənilərin bölgəyə köçürülməsi isə sadə miqrasiya deyil, etnik mühəndislik və demoqrafik dəyişiklik siyasəti idi. Bu, türk-müsəlman coğrafiyasını parçalamağa yönəlmiş bir proses kimi dəyərləndirilir. Azərbaycan dərsliklərində bu cür terminoloji islahatların tətbiqi müəyyən beynəlxalq çətinliklər yarada bilər. Qərb və Rusiya akademik dairələri bu yanaşmaları ideoloji kimi qiymətləndirə bilər. Lakin mən hesab edirəm ki, Türkiyənin başladığı bu proses elmi əsaslı milli şüurun bərpasıdır. Azərbaycan da Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilən ortaq türk tarixi və ortaq türk coğrafiyası proqramlarına uyğun olaraq bu terminoloji islahatları elmi-akademik səviyyədə tətbiq etməklə haqlı mövqe sərgiləyə bilər və bu, dövlətin geosiyasi maraqlarına da xidmət edər”.


Afaq Mirayiq,
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr