Vüqar Bayramov deyib ki, minimum əməkhaqqının daha çox artırılması vacib hesab olunur. Hazırda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 37 faizdir. Hədəf isə bu göstəricinin 50 faizə çatdırılmasıdır. Bu baxımdan minimum əməkhaqqında daha ciddi artımlara ehtiyac var və mövcud maliyyə imkanları çərçivəsində bu istiqamətdə addımların atılacağı gözlənilir. “Mərhələli şəkildə minimum əməkhaqqının artırılması məqsədəuyğundur. Çünki orta əməkhaqqı da artır və əsas məqsəd minimum əməkhaqqı ilə orta əməkhaqqı arasındakı fərqin azaldılmasıdır. İnkişaf etmiş ölkələrdə bu nisbət adətən 50 faiz və ya daha yüksək olur.” Millət vəkilinin sözlərinə görə, minimum əməkhaqqının formalaşması və artırılması meyarları birbaşa minimum istehlak səbətinə uyğun müəyyən edilir. İstehlak səbətində xərclər artdıqca minimum əməkhaqqına yenidən baxılır və artımlar həyata keçirilir. Ümumi məqsəd minimum əməkhaqqının daha çox artırılması və orta əməkhaqqı ilə arasındakı fərqin minimuma endirilməsidir.