Onun sözlərinə görə, hazırkı əsas problemlər bunlardır: 1.Digər iri şəhərlərdə və rayon mərkəzlərində Balaxanıdakı kimi müasir çeşidləmə və zərərsizləşdirmə müəssisələrinin azlığı. 2.Tullantıların bütün ölkə boyu eyni standartla toplanması və daşınmasında mövcud olan boşluqlar. Təkcə 2025-ci ilin statistikasına görə, Azərbaycanda 4,4 milyon ton tullantı yaranıb (74% məişət, 26% istehsalat). Bu həcmin idarə olunması vahid koordinasiya tələb edir. Yeni Agentlik nəyi dəyişəcək? Ekoloqun fikrincə, yeni yaradılan Agentlik tullantıların idarə edilməsini sadəcə "təmizlik işi" deyil, iqtisadi və ekoloji strateji sahə kimi idarə edəcək. Balaxanı Məişət Tullantılarının Zərərsizləşdirilməsi müəssisəsində olduğu kimi, yeni agentliyin nəzarəti altında ölkə boyu tullantılardan aşağıdakıların əldə edilməsi hədəflənir: * Plastik və kağız materialların təkrar emalı; * Üzvi gübrə istehsalı; * Elektrik enerjisi (tullantıların yandırılması prosesindən). Mütəşəkkil idarəetmə sayəsində yüz min hektarlarla torpaq sahəsi qanunsuz və ya köhnə tullantı poliqonlarından təmizlənərək kənd təsərrüfatı və ya digər məqsədlər üçün yenidən istifadəyə veriləcəkdir. Agentlik bütün Azərbaycan ərazisində tullantıların yığılmasından zərərsizləşdirilməsinə qədər olan zənciri bir mərkəzdən idarə edəcək. Bu isə dağınıq idarəetməni aradan qaldıracaq. "Bu Agentliyin yaradılması dövlət siyasətinin ekoloji mühitin sağlamlaşdırılmasına yönəlmiş ən vacib həlqəsidir. Bundan ən çox qazanan isə ətraf mühit, sanitar-gigiyenik vəziyyət və ən əsası ekoloji təmiz mühitdə yaşayacaq insan sağlamlığı olacaqdır”,-deyə ekoloq vurğulayıb. Bu addım həm də Azərbaycanın "yaşıl enerji" və dayanıqlı inkişaf hədəflərinə tam uyğundur.