AZ

Bakıdakı beton binalar artır: Həyətlər isə yox olur

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Son illərdə Bakıda sürətlə artan çoxmərtəbəli yaşayış binaları şəhərin görünüşünü dəyişsə də, həyətlərin və ictimai məkanların azalması kimi problem daha qabarıq şəkildə özünü göstərir.

“Cebheinfo.az”-ın araşdırmasına görə, bir çox yeni tikilidə sakinlər üçün nəzərdə tutulan açıq sahələr ya olduqca kiçikdir, ya da demək olar ki, tamamilə avtomobillərin parklanmasına çevrilib.

Xüsusilə paytaxtın sıx məskunlaşmış ərazilərində uşaqların oynaya biləcəyi təhlükəsiz meydançaların, yaşlıların otura biləcəyi yaşıllıq zonalarının və piyadalar üçün rahat keçidlərin çatışmazlığı ciddi narahatlıq yaradır.

Bəzi binalarda isə həyət anlayışı faktiki olaraq yeraltı qarajın üstündəki dar beton sahə ilə məhdudlaşır.

Bəz mütəxəssislərin fikrincə, bu vəziyyət təkcə estetik problem deyil. Həyətlərin azalması havalandırma, gün işığı, təhlükəsizlik və sosial mühit baxımından da mənfi nəticələr doğurur. Sakin sıxlığının artmasına baxmayaraq ümumi istifadəyə açıq məkanların azalması gələcəkdə şəhər həyatını daha da çətinləşdirə bilər.

Digər tərəfdən, avtomobillərin həyətləri tam zəbt etməsi piyadaların hərəkətini çətinləşdirir. Uşaqlar üçün təhlükəsizlik riski artır, fövqəladə hallarda isə xüsusi xidmət maşınlarının hərəkəti belə problemə çevrilə bilir. 

Bəzi ərazilərdə sakinlər maşın sıxlığından binanın girişinə rahat çıxmağın belə mümkün olmadığını deyirlər.

Şəhərsalma sahəsində qərarverici şəxslər, ekspertlər hesab edirlər ki, yeni tikililərdə həyət və ictimai sahələrlə bağlı daha sərt standartların tətbiqinə ehtiyac var.

Dünyanın bir çox şəhərində yaşayış komplekslərində minimum yaşıllıq faizi, piyada zonası və sosial məkan tələbləri məcburi hesab olunur. Azərbaycanda isə bu məsələnin tətbiqi və nəzarəti ilə bağlı suallar qalır.

Bildirim ki, mövzu həm şəhərsalma, həm də gələcək urbanizasiya baxımından aktuallığını artırır. Çünki paytaxtda tikinti sürəti artdıqca “yaşamaq üçün bina” ilə “rahat yaşamaq üçün mühit” arasındakı fərq daha çox hiss olunur.

Aişə Abdulova

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr