İran millisi dünya çempionatını buraxa bilər. Metbuat.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib. O bildirib ki, turnirin əsas ev sahibi olan ABŞ-nin İran təmsilçilərinə viza verməməsi böhran yaradıb. Hazırda komandanın heç bir üzvü giriş icazəsi ala bilmədiyi üçün viza prosesinin çıxılmaz nöqtəyə gəldiyi bildirilir. Mehdi Tac yaranmış vəziyyətlə bağlı FİFA rəhbərliyi ilə görüş planlaşdırır və rəsmi qurumlardan problemin həlli üçün qəti zəmanət tələb edəcəyini vurğulayıb. Əgər diplomatik maneələr aradan qaldırılmazsa, İran yığması turnirdən kənarda qala bilər. Qeyd edək ki, iyunun 11-də start götürəcək çempionatda İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparmalıdır və bu qarşılaşmaların hamısının məhz ABŞ şəhərlərində keçirilməsi nəzərdə tutulub.