UNEC “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Əli Xəlilov dünyanın ən nüfuzlu elmi cəmiyyətlərindən biri olan "Sigma Xi, The Scientific Research Honor Society"yətamhüquqlu üzv seçilib.
1886-cı ildə təsis edilmiş Sigma Xi dünyanın ən böyük multidissiplinar elmi tədqiqat cəmiyyətlərindən biri hesab olunur və buraya üzvlük yalnız nominasiya əsasında həyata keçirilir. Cəmiyyət elmi tədqiqat sahəsində mühüm nailiyyətləri olan alim və tədqiqatçıları bir araya gətirir. Təşkilatın tarixində 200-dən çox Nobel mükafatı laureatı yer alıb.
"Sigma Xi"də tam üzvlük statusu yalnız tədqiqat sahəsində mühüm nailiyyətləri, o cümlədən nüfuzlu jurnallarda elmi məqalələri, patentləri və ya dissertasiya işləri olan şəxslərə verilir. Əli Xəlilovun təşkilata tamhüquqlu üzv seçilməsində onun elmi fəaliyyəti, tədqiqat istiqamətində əldə etdiyi nəticələr və beynəlxalq akademik mühitdə qazandığı uğurlar nəzərə alınaraq yüksək qiymətləndirilib.
Bu üzvlük UNEC aliminə beynəlxalq səviyyədə tanınmış görkəmli elm adamları ilə qlobal şəbəkədə əməkdaşlıq etmək, müxtəlif tədqiqat qrantlarına və mentorluq proqramlarına çıxış əldə etmək imkanı qazandırır. Eyni zamanda, o, “American Scientist” elmi jurnalına mütəmadi çıxış və illik konfranslarda güzəştli iştirak hüququ əldə edib.