AZ

Haaqa Məhkəməsi Ratko Mladiçin müvəqqəti azadlığa buraxılmasını rədd edib

Beynəlxalq tribunal 84 yaşlı keçmiş serb generalının Serbiyaya müalicə məqsədilə göndərilməsi barədə vəsatəti qəbul etməyib...

Poliqon xəbər verir ki, Haaqada yerləşən Beynəlxalq Qalıq Mexanizmi Tribunalının sədri Qrasiela Qatti Santana keçmiş Bosniya serbləri ordusunun komandanı Ratko Mladić ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib. Vəsatətdə onun müalicə üçün müvəqqəti olaraq Serbiyaya göndərilməsi tələb olunurdu.

Məlumatı Mladiçin oğlu Darko Mladiç yayıb və Rusiya mediasına istinad edən “RIA Novosti” agentliyi də xəbəri təsdiqləyib. Bildirilir ki, məhkəmə qərarında 84 yaşlı keçmiş generalın hazırda saxlandığı həbsxana xəstəxanasında mümkün olan ən yüksək tibbi xidmətlə təmin olunduğu qeyd edilib.

Müdafiə tərəfi isə iddia edir ki, həkimlər onun keçirdiyi insultu vaxtında müəyyən edə bilməyib və əvvəlcə sidik yolu infeksiyası diaqnozu ilə müalicə aparılıb. Darko Mladiç atasının vəziyyətinin “həyatla ölüm arasında” olduğunu bildirib və qərarı “siyasi qisas” adlandırıb.

Bununla belə, məhkəmə sədri Qatti Santana qeyd edib ki, Mladiçin vəziyyəti kritik olsa da, o, ömrünün son mərhələsindədir və saxlandığı tibb müəssisəsi ona “maksimum rahatlıq” və “xüsusi ziyarət rejimi” təmin edir. Bu isə ailə üzvlərinə onun yanında olmağa imkan yaradır.

Qeyd edək ki, Srebrenitsa soyqırımı zamanı 1995-ci il iyulun 11-də Srebrenitsadan qaçmağa çalışan təxminən 8 min bosniya müsəlmanı öldürülüb. Mladiç 2017-ci ildə bu cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib, 2021-ci ildə isə apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb. Müdafiə tərəfi dəfələrlə tibbi səbəblərlə azadlığa buraxılma və rusiyalı həkimlərin cəlb olunması tələbi ilə müraciət etsə də, tribunal bütün vəsatətləri rədd edib.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr