AZ

Paşinyan Rusiyanın adamının üzərinə getdi - 18 il öncəki dosye açılır

Ermənistanın baş naziri Nikol Paşinyanın 1 mart 2008-ci il hadisələri ilə bağlı verdiyi son açıqlamalar ölkədə seçkiöncəsi siyasi atmosferi daha da gərginləşdirib. Onun “1 mart işi 100 faiz açılıb” deməsi, eyni zamanda 18 il öncə yaşanan hadisələrdə hazırda baş nazirliyə əsas namizədlərdən sayılan, sabiq prezident Robert Köçəryanın birbaşa məsuliyyət daşıdığını bildirərək, onun həbsdə olmalı olduğunu vurğulaması artıq adi siyasi bəyanat kimi yox, Ermənistanda yeni və daha sərt siyasi mərhələnin başlanğıcı olduğunu açıq şəkildə göstərir.

Paşinyan nə üçün məhz indi bu məsələni yenidən gündəmə gətirdi? 7 iyun parlament seçkiləri öncəsi Köçəryana qarşı hüquqi və siyasi təzyiqlərin artırılması təsadüfdürmü? Ermənistan hakimiyyəti seçkiyə gedən yolda əsas rəqiblərdən birini hüquqi proseslərlə zəiflətməyə çalışır, yoxsa Paşinyan həqiqətən də “1 mart” hadisələrinə görə siyasi ədaləti bərpa etmək istəyir?

Ən çox müzakirə olunan suallardan biri isə budur: Robert Köçəryan yenidən həbs oluna bilərmi? Çünki Ermənistan siyasətində Köçəryan təkcə keçmiş prezident deyil, həm də Rusiyaya yaxınlığı ilə tanınan ən mühüm siyasi fiqurlardan biri hesab olunur. Bu baxımdan Paşinyanın açıqlamaları birbaşa Moskvanın regiondakı təsir imkanlarına qarşı mesajdır.

Paşinyan doğrudanmı Rusiyanın Ermənistandakı əsas siyasi dayaqlarından biri sayılan Köçəryanı həbs etdirib seçkilərə buraxmayacaq? Əgər belə olarsa, bu addım Ermənistan-Rusiya münasibətlərində yeni gərginlik yarada bilərmi?

Digər tərəfdən, Paşinyanın Avropa İnsan Haqları Məhkəməsinin qərarına istinad etməsi və “dövlət tərəfindən təşkil olunmuş hadisə” ifadəsini ön plana çıxarması göstərir ki, hakimiyyət bu dəfə məsələni yalnız siyasi ritorika səviyyəsində saxlamamağa çalışır. Bu isə Ermənistanda keçmiş hakimiyyətlə indiki iqtidar arasında mübarizənin artıq tamamilə açıq fazaya keçdiyini göstərir.

Beləliklə, Ermənistan 7 iyun seçkilərinə doğru gedərkən ölkədə əsas qarşıdurma yalnız hakimiyyət və müxalifət arasında deyil, həm də Qərbə yaxın yeni siyasi xəttlə Rusiyaya bağlı köhnə siyasi sistem arasında yaşanır.

-d1d6a7ea155991665272926150910091265.jpg

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Paşinyan “1 mart işi”ni yenidən açmır: "O, bu dosyeni seçkidə manupulyasiya aləti kimi istifadə eləməyə çalışır. Bu, artıq sadəcə hüquqi məsələ deyil. Ermənistanda seçkiöncəsi hakimiyyət savaşının əsas silahıdır. Paşinyan yaxşı anlayır ki, 7 iyun seçkilərinə böyük iqtisadi uğurla gedə bilmir. Qarabağdan sonra cəmiyyətə güclü dövlət obrazı da göstərə bilmir. Ona görə keçmişin qapısını açır. Çünki Paşinyanın əlində ən rahat kart yenə Köçəryandır. Köçəryan Ermənistanda sadəcə keçmiş prezident deyil. O, köhnə sistemin, “Qarabağ klanı”nın və Rusiyaya yaxın siyasi xəttin simvoludur. Paşinyan bunu bilir və bu obrazdan istifadə edir. Paşinyanın mesajı aydındır, “Mən getsəm, onlar qayıdacaq.” Yəni Köçəryan qayıdacaq. Köhnə hakimiyyət qayıdacaq. Moskvanın təsiri güclənəcək. Ermənistan yenidən əvvəlki siyasi xəttə dönəcək.

Bu səbəbdən “1 mart işi” Paşinyan üçün yalnız ədalət məsələsi deyil. Bu, seçki texnologiyasıdır. Əgər məsələ sadəcə ədalət olsaydı, bu iş 2018-ci ildən bəri hüquqi nəticəyə gəlməliydi. Amma Paşinyan bunu seçkiyə az qalmış yenidən gündəmə gətirir. Deməli, məqsəd təkcə məhkəmə deyil. Məqsəd rəqibi siyasi baxımdan zəiflətməkdir. Köçəryanın həbs olunması mümkündür. Amma bu, Paşinyan üçün riskli addımdır. Çünki həbs Köçəryanı qurban obrazına çevirə bilər. Müxalifət küçəyə çıxa bilər. Moskva bunu öz dayaqlarına qarşı açıq hücum kimi qiymətləndirə bilər.

Ehtimal edirəm ki, Paşinyan seçkiyə qədər Köçəryanı həbs etdirməyəcək, lakin onu daimi təzyiq altında saxlayacaq. İstintaq aktivləşəcək. Media kampaniyası güclənəcək. Köçəryanın adı seçki boyunca “keçmişin təhlükəsi” kimi gündəmdə qalacaq. Bu, Paşinyan üçün daha sərfəlidir. Çünki həbs olunmuş Köçəryan siyasi qəhrəmana çevrilə bilər. Amma ittiham altında saxlanılan Köçəryan seçici üçün qorxu fiquru olaraq qalır. Burada Rusiya faktoru da var. Köçəryan Moskvanın Ermənistandakı yeganə adamı deyil. Amma Rusiyaya yaxın ən simvolik fiqurlardan biridir. Ona qarşı təzyiq təkcə daxili siyasi məsələ deyil. Bu, həm də Moskvaya mesajdır. Paşinyan göstərmək istəyir ki, Ermənistanın köhnə Rusiya xətti zəiflədilir. Qərb üçün də bu mesaj aydındır. Paşinyan demək istəyir ki, “mən Rusiyanın təsirini azaldıram, mənə siyasi dəstək verin.” Ona görə Köçəryan məsələsi həm də Ermənistanın hansı geosiyasi istiqamətə gedəcəyi məsələsidir.

Amma nəzərə almır ki, hüquq seçki kampaniyasının alətinə çevriləndə ədalət zəifləyir. Paşinyan “1 mart” hadisələrini gündəmə gətirməklə cəmiyyətdə ədalət hissini oyadır. Amma eyni zamanda bu hissi öz siyasi maraqlarına bağlayır. Bu isə Ermənistanda hakimiyyətlə müxalifət arasında mübarizənin artıq normal siyasi rəqabət yox, keçmişin intiqamı və gələcək uğrunda savaş olduğunu göstərir".

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
25
50
musavat.com

10Mənbələr