AZ

Aygün Əliyeva: Qlobal Cənub onun gələcəyinə təsir edən qərarlara töhfə verilməsində konstruktiv iştirakçı rolunu oynamalıdır

Bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar problemlər və artan bərabərsizliklərlə üzləşir.

QHT.az  xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

O vurğulayıb ki, belə bir dövrdə Qlobal Cənubun baxışları daha aydın və daha güclü şəkildə eşidilməlidir:

"Bu gün Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərinin təxminən 70 faizi Qlobal Cənuba aid olsa da, ECOSOC yanında məşvərətçi statusa malik QHT-lərin 4 faizindən azı Qlobal Cənub ölkələrində yerləşir. Bu qeyri-bərabərlik sadəcə statistik göstərici deyil. Bu, beynəlxalq qərarların qəbulunda, imkanlara çıxışda və qlobal gündəliyin formalaşmasında öz əksini tapan reallıqdır. Dünyanın gələcəyi ilə bağlı qərarlar dünya əhalisinin əksəriyyətinin səsi eşidilmədən qəbul edilə bilməz".

Agentlik rəhbəri əlavə edib ki, Qlobal Cənub məsələsi sadəcə müzakirə mövzusu olaraq qalmamalı, qlobal gündəliyin formalaşdırılmasında və öz gələcəyinə təsir edən qərarların qəbulunda konstruktiv iştirakçı kimi çıxış etməlidir:

"Həqiqi ədalət tələb edir ki, Qlobal Cənubun baxışları hörmətlə dinlənilsin, ədalətlə əks olunsun və ortaq gələcəyimizin formalaşdırılmasında layiqincə nəzərə alınsın. Bu gün burada toplaşan insanlar fərqli dillərdə danışa və müxtəlif qitələri təmsil edə bilərlər. Lakin bizi birləşdirən daha güclü bir dil var, həmrəylik dili".

 

Seçilən
91
qht.az

1Mənbələr