AZ

10 min gətir, yoxsa etibarnaməni ləğv edəcəyəm Əmlak bazarında yeni tələ

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son vaxtlar bələdiyyə sənədi ilə satılan torpaq sahələri ilə bağlı vətəndaş şikayətləri artmaqdadır. Bəzi hallarda alqı-satqıdan aylar sonra satıcılar əlavə pul tələb edir, əks halda isə verdikləri etibarnaməni ləğv edəcəklərini bildirirlər. Bu isə vətəndaşlarla satıcılar arasında ciddi mübahisələrə səbəb olur. Belə hallardan biri də Binəqədi rayonu ərazisində baş verib. İddiaya görə, torpaq sahəsini alan şəxs pulu videoçəkiliş altında satıcıya təqdim edib və etibarnamə alıb. Lakin sonradan satıcı əlavə 10 min manat tələb edərək, əks halda etibarnaməni ləğv etdirəcəyini deyib. Vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirsə də, hələlik problem həllini tapmayıb.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, etibarnamə alqı-satqı müqaviləsi deyil:“Bu məsələ ilə bağlı illərdir danışılır, xəbərdarlıqlar edilir. Mən özüm də dəfələrlə bu barədə çıxış etmişəm. Təəssüf ki, insanlar hələ də etibarnamə ilə avtomobil, torpaq və ya ev alıb-satmağa çalışırlar. Halbuki etibarnamə sadəcə bir şəxsin digər şəxsə verdiyi vəkalətdir. Yəni sənə səlahiyyət verir ki, “mənim adımdan get bu işi gör”. Vəssalam. Bu sənəd həmin əmlakın sənə satılması anlamına gəlmir. Yəni sənə deyilən budur ki, “mənim adımdan idarə et, mənim üçün müəyyən işləri gör”. Özün üçün yox, sahibin adından hərəkət et. Burada əsas məqam da bundan ibarətdir ki, etibarnaməni verən şəxs istənilən vaxt həmin etibarnaməni ləğv edə bilər. Çünki etibarnamə torpağın, avtomobilin və ya hər hansı əmlakın mülkiyyət sənədi deyil. Bununla alqı-satqı həyata keçirilmir. Amma praktikada insanlar düşünürlər ki, etibarnaməni aldıqdan sonra gedib həmin əmlakı öz adlarına keçirə biləcəklər, çıxarış və ya digər sənədləri öz adlarına rəsmiləşdirəcəklər. Halbuki bu mümkün deyil. Çünki sənə verilən etibarnamə yalnız həmin şəxsin adından müəyyən əməliyyatları aparmaq üçündür. Sən həmin səlahiyyəti öz xeyrinə istifadə edə bilməzsən”.O qeyd edib ki, əgər sonradan əlavə pul tələbi yaranırsa və ya vətəndaş aldadıldığını düşünürsə, artıq burada hüquq-mühafizə orqanlarının araşdırma aparması vacibdir:“Çünki bu halda belə çıxır ki, etibarnaməni verən şəxs qarşı tərəfi aldadıb, etibardan sui-istifadə edib və nəticədə dələduzluq əməli törədib. Əgər əvvəlcədən pul alınıbsa, bu zaman həmin pulun hansı əsasla alındığı da araşdırılmalıdır. Bu baxımdan vətəndaş müvafiq qaydada şikayət edə bilər və bildirə bilər ki, “mən aldadılmışam”. Amma belə hallarda mütləq şəkildə sübutların olması vacibdir. Məsələn, video görüntülər, səs yazıları, yazışmalar və ya şahid ifadələri olmalıdır. Orada konkret şəkildə göstərilməlidir ki, “mən filankəsə bu səbəbdən görə etibarnamə vermişəm, o isə sonradan məni aldadıb”. Yalnız bu halda məsələ hüquqi müstəvidə daha ciddi şəkildə araşdırıla bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
demokrat.az

1Mənbələr