Almaniyanın Brandenburq əyalətində, Polşa sərhədinə yaxın bölgələrdə son 3 həftə ərzində 149 baş iri buynuzlu heyvanın oğurlanması kənd təsərrüfatı sektorunda ciddi narahatlıq yaradıb. Polis hadisələrlə bağlı “seriyalı heyvan oğurluğu” istintaqı başladaraq xüsusi əməliyyat qrupu yaradıb.
HİT.az xəbər verir ki, Almaniyanın şərqində yerləşən Brandenburq əyalətində fermerlər arasında heyvan oğurluğu qorxusu getdikcə artır. Polşa sərhədinə yaxın ərazilərdə baş verən hadisələrdə cəmi 3 həftə ərzində 149 baş mal-qara oğurlanıb.
Aprelin sonunda Elbe-Elster bölgəsində bir gecədə 70 baş mal-qaranın yoxa çıxması ilə başlayan hadisələr 8 mayda Oberspreewald-Lausitz bölgəsinin Radusch kəndində 48 baş heyvanın oğurlanması ilə davam edib. Hər iki hadisədə ümumi zərərin ən az 125 min avro olduğu bildirilir.
12 maydan 13 maya keçən gecə isə Spree-Neisse bölgəsindəki Grano kəndindən 31 baş damazlıq sığır oğurlanıb. Fermerlər ümumi zərərin artıq altı rəqəmli məbləğə çatdığını bildirir.
Brandenburq Fermerlər Birliyinin rəhbəri Henrik Vendorf bildirib ki, heyvanların qulaq nömrələri və dövlət sistemində qeydiyyatı olduğu üçün Almaniya daxilində qanuni şəkildə satılması və ya kəsilməsi mümkün deyil. Bu səbəbdən onların böyük ehtimalla xaricə, hətta Avropa İttifaqından kənara çıxarılaraq qeyri-qanuni şəkildə kəsildiyi düşünülür.
“Peşəkar qrup olduğu ehtimal edilir. Belə bir əməliyyat üçün xüsusi yük maşını və yüksək təşkilatlanma lazımdır”, deyə o bildirib.
Polis isə hadisələrin koordinasiyalı cinayət şəbəkəsi tərəfindən həyata keçirildiyini ehtimal edir və xüsusi istintaq qrupu yaradıldığını açıqlayıb.
Samir