AZ

Azərbaycanın neft-qaz nəhənginə kiberhücum

Rumıniyanın kiber-təhlükəsizlik sahəsində ixtisaslaşmış “Bitdefender” şirkəti Azərbaycanın neft-qaz sektoruna qarşı həyata keçirilən silsilə kiberhücumları ifşa edib. Şirkətin hesabatında bildirilir ki, 2025-ci ilin dekabrından 2026-cı ilin fevral ayına qədər olan dövrü əhatə edən bu müdaxilələr Azərbaycanın strateji əhəmiyyətli enerji infrastrukturunu hədəf alıb.

KONKRET.az xəbər verir ki, hesabatda hücuma məruz qalan şirkətin adı rəsmən açıqlanmasa da, əməliyyatın arxasında Çinyönümlü “FamousSparrow” kiber-qruplaşmasının dayandığı qeyd olunur. Bu, sözügedən qruplaşmanın Cənubi Qafqazın enerji infrastrukturuna qarşı sənədləşdirilmiş ilk irimiqyaslı hücumudur. Mütəxəssislər vurğulayırlar ki, əvvəllər daha çox telekommunikasiya, dövlət idarəçiliyi və texnologiya sektorlarına fokuslanan “FamousSparrow”un fəaliyyətini enerji sektoruna keçirməsi ciddi strateji dəyişiklikdən xəbər verir.

“Bitdefender” bu müdaxiləni qlobal enerji təchizatı zəncirindəki geosiyasi təzyiqlərlə əlaqələndirir. Xüsusilə Rusiyanın Ukrayna üzərindən qaz tranziti sazişinin başa çatması və Hörmüz boğazındakı davamlı gərginlik fonunda Azərbaycanın Avropanın əsas enerji tədarükçüsü kimi artan rolu bu cür casusluq fəaliyyətlərinin əsas motivi kimi göstərilir.

Hesabata görə, kiber-cinayətkarlar ilkin giriş əldə etmək üçün “Microsoft Exchange” serverindəki boşluqlardan istifadə ediblər və hətta sistemdəki problemlər aradan qaldırıldıqdan sonra belə, iki ay ərzində dəfələrlə şəbəkəyə qayıdıblar. Üç dalğa şəklində reallaşan hücumlar zamanı sistemə “Deed RAT” və “Terndoor” kimi təhlükəli “arxa qapı” (backdoor) proqram təminatları yerləşdirilib. Hazırda Azərbaycanın müvafiq qurumlarının kiber-təhlükəsizliyin gücləndirilməsi istiqamətində preventiv tədbirləri davam etdirdiyi bildirilir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
12
1
konkret.az

2Mənbələr