AZ

Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu


Qısa xatırlatma üçün qeyd edək ki, Fidan Loğman  qızı Abbasova bir neçə ildir SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun  oğlu Orxan İsmayılzadəyə qarşı məhkəmə iddiası ilə çıxış edir.

Belə ki, Fidan Abbasova Orxan İsmayılzadə ilə uzun müddət  birgə yaşayıblar və onların NİL adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək  “Atalığın  müəyyən edilməsi”  tələbi ilə Orxan İsmayılzadənin  DNT testindən keçməsini tələb edir.

Və  bu iddia  ilə bağlı  2017-ci ildə  Sabunçu  Rayon Məhkəməsində  keçirilən məhkəmə prosesində  Adəm Məmmədov Fidan Abbasovanın vəkili olub.

Lakin Fidan Abbasova öz vəkili  Adəm Məmmədovdan narazı qalıb  və bunu müxtəlif saytlara, mediaya açıqlmasında qeyd edib.

Fidan Abbasova  öz açıqlamasında  vəkili  Adəm Məmmədova  10000 dollar ( on min ) verdiyini, Adəm Məmmədəovun isə qarşı  tərəfin xeyrinə çalışdığını, vəkili vasitəsi ilə ona saxta barışıq sənədi imzalatdıqlarını  və sonda qarşı tərəfin  öz öhdəliklərinə əməl etmədiyini bildirib. Yəni Fidan Abbasovanın vəkili Adəm Məmmədov qarşı tərəfə işləyib.

Fidan Abbasovanın bu açıqlamaları  vəkil Adəm Məmmədovun narazılığına səbəb olub. Və buna görə Adəm Məmmədov  “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən 50 min manat təzminat tələb edib.

Qısa xatırlatma üçün bu qədər.

İndi isə keçək əsas məsələyə.

Deməli vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Loğman qızı Abbasovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası və 50 min manat  təzminat  tələbi ilə bağlı  məhkəmə prosesi 2 ilə yaxındır, daha dəqiq desək 29.11.2024-cü il tarixdən bu günədək davam edirdi.

Belə ki, 29.11.2024-cü il il tarixdə Nərimanov  Rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə vəkil Adəm Məmmədovun   keçmiş  müvəkkili  Fidan Loğman  qızı  Abbasovaya  qarşı  “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası və 50 min manat  təzminat  tələbi ilə bağlı  işə baxılıb.

Onu da qeyd edək ki, bu məsələyə ilk dəfə hazırlıq iclasında baxılanda  Fidan Abbasovanın vəkilləri aidiyyət məsələsini qaldırıblar. Belə ki, vəkil Adəm Məmmədov Fidan Abbasovaya qarşı şərəf və ləyaqətin alçaldılması üzrə iddianı Nərimanov Rayon Məhkəməsinə təqdim edib. Fidan Abbasova isə Xətai rayonu ərazisində qeydiyyatda olmaqla oradakı mənzilində yaşayır. Buna görə də iddiaya aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Hakim Nərgiz Tağıyeva vəkillərin etirazını əsaslı sayıb və iddiaya baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Sözün qısası, uzun prosesdən, ötür-ötür oyunundan  sonra nəhayət  Nərimanov Rayon Məhkəməsi  Adəm  Məmmədovun iddiasını  əsaslı saymayıb və onun iddiasını  rədd edib.

Hökmdən  narazı qalan Adəm Məmmədov  Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Və Bakı Apellyasiya Məhkəməsi birinci instansiya, yəni Nərimanov  Rayon Məhkəməsini hökmünü qüvvədə  saxlayıb.

Yenə hökmdən narazı qalan Adəm Məmmədov bu dəfə Ali Məhkəməyə kassasiya  şikayəti  edib.

İndi isə gələk  son xəbərə.

NUH.az-a zəng edən Fidan Abbasova müxbirimizə bildirib ki, bu gün, yəni  14 may 2026-cı il tarixdə Ali Məhkəmə Adəm Məmmədovun  kassasiya  şikayətinə baxıb və yekun məhkəmə  aktı  çıxarıb:

Kassasiya şikayəti təmin edilməsin, qətnamə isə dəyişdirilmədən saxlanılsın.

Bununla da Fidan Loğman  qızı Abbasovanın əməllərində və hərəkətlərində Adəm Məmmədovun işgüzar nüfuzuna xələl vurmaq və onun şərəf-ləyaqətini  alçaltmaq niyyətinin olmadığı aşkar şəkildə sübut  edilibdir.

 

NUH.az 


Seçilən
15
nuh.az

1Mənbələr