ain.az bildirir, Demokrat.az portalına istinadən.
Son illərdə sosial medianın sürətli inkişafı insanların ünsiyyət formalarını, davranış modellərini və ictimai rəyin formalaşma mexanizmini əsaslı şəkildə dəyişib. Rəqəmsal platformalar artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, həm də kütləvi davranışların istiqamətləndirildiyi sosial məkana çevrilib. Xüsusilə “linç mədəniyyəti” adlanan fenomen, qrup psixologiyasının təsiri ilə fərdlərə qarşı kütləvi hücumların formalaşmasına şərait yaradır. Bu prosesdə emosional reaksiya, sürətli yayılma və anonimlik hissi insanların davranışlarına ciddi təsir göstərir. Nəticədə sosial mediada manipulyasiya imkanları genişlənir və ictimai rəyin formalaşması daha asan idarə oluna bilir.Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, başqalarını linç etmək, yəni təhdid etmək, təhqir etmək, böhtan atmaq və insanları manipulyasiya edərək öz məqsədləri üçün alətə çevirmək insan xislətindən irəli gələn hallardır:“İstər sosial şəbəkə olsun, istər real həyat bəzi insanlar müxtəlif səbəblərdən bu cür davranışlara meyilli olurlar. Sosial şəbəkələr isə bu prosesin formasını dəyişib. Məzmun eyni qalıb, sadəcə ifadə üsulu fərqlənib və daha geniş müstəviyə keçib. Real həyatda insanlar başqalarını linç edərkən və ya manipulyasiya edərkən müəyyən məhdudiyyətləri nəzərə alırlar. Amma sosial şəbəkələr insanda belə bir psixoloji təsəvvür yaradır ki, sanki burada onu heç kim görmür, o anonimdir. Xüsusilə anonim hesablar vasitəsilə edilən linç və manipulyasiya hallarında problem daha da dərinləşir. İnsan düşünür ki, gizlidir və onu heç kim məsuliyyətə cəlb etməyəcək. Məhz bu “gizlilik” hissi onu daha aqressiv davranışlara sövq edir”. O deyib ki, sosial şəbəkələrin müəyyən təhrikedici təsiri də buradan qaynaqlanır sanki insanları daha sərt, daha nəzarətsiz davranmağa təşviq edir:“Bu mühitə isə əsasən daxilində başqalarını təhqir etməyə, linç etməyə meyli olan insanlar düşür. Əslində, insan özünü islah etsə, həm real həyatda, həm də sosial şəbəkələrdə davranışına diqqət edər. Məsələ bu qədər sadədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sosial şəbəkələrin əhatə dairəsi bu gün çox genişdir. Burada bir insanın linç edilməsi ciddi nəticələrə səbəb ola bilər. Bu baxımdan sosial şəbəkələr müəyyən qaydalar çərçivəsində nəzarətdə saxlanılmalıdır”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.