Dezinformasiyaya qarşı ən effektiv vasitə media savadlılığıdır -
Direktor necə bir yalanın qurbanı oldu…Dələduzluq əməli ilə bağlı ittiham edilərək Türkiyədə saxlanılan Sevinc Hüseynova 2 ay öncə - aprelin 15-də Azərbaycana ekstradisiya olundu. Baş Prokurorluğun informasiya bülletenində yer alan bu məlumat müxtəlif xəbər saytlarında, xüsusən sosial şəbəkə platformalarda sürətlə tirajlandı. Bu informasiyanı yüzlərlə məlumatın arasından fərqləndirib çıxaran, trendə çevirən səbəb isə çox ilgincdir. Məğzi budur ki, sosial şəbəkə fəalları ittiham olunan şəxsin ad-soyadını Bakıda fəaliyyət göstərən 278 nömrəli tam orta məktəbin direktorunun ad-soyadı ilə qarışıq salıblar. Cinayətkarın yerinə cinayətlə heç bir əlaqəsi olmayan məktəb direktorunun fotolarını paylaşıblar. Mövzuya aidiyyatı olmayan xanım direktor bir neçə saat içində ictimai qınağın hədəfinə çevrildi - təhqirlər, ittihamlar və emosional reaksiyalar ard-arda gəldi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmi açıqlama ilə səhvi düzəltməyə çalışsa da, artıq gec idi. İnformasiya yayılmış, ictimai rəy formalaşmışdı. Həmin yanlış məlumatın izləri bu gün də internet axtarış sistemlərində, bəzi rəqəmsal informasiya platformalarında üzə çıxır. İnternet axtarış sistemlərində “Sevinc Hüseynova” yazarkən həmin xəbərlə birlikdə günahsız direktorun şəkilləri görünməkdə davam edir. Bu nümunə göstərir ki, yaşadığımız dövrdə “saxta xəbər”, informasiya manipulyasiyası hətta heç bir günahı olmayan şəxsi də cənginə ala, linç etdirə bilir. Bu tip nümunələrin sayı bir deyil, iki deyil. Analitik mərkəzlər qeyd edirlər ki, “indi hər gün dünyada təsəvvür edilməz səviyyədə çox, təqribən 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və yayılır. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Problem ondadır ki, bu xəbər bolluğunda “saxta xəbər”in də çəkisi sürətlə artır, 45-80 faiz aralığında dəyişir. Saxta xəbər dünya üçün ən aktual problemə çevrilir, insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”i, “dezinformasiya”nı “dünya üçün yeni fəlakət” adlandırırlar. Dezinformasiya artıq “virtual səhv” deyil İnformasiya axınının sürətləndiyi dövrdə həqiqətlə yalan arasındakı məsafə getdikcə azalır. İnsanlar yoxlamağa deyil, paylaşmağa üstünlük verir. Nəticədə saxta xəbərlər, manipulyativ görüntülər və kontekstdən çıxarılan məlumatlar ictimai düşüncəyə təsir edir. Amma problem bununla da yekunlaşmır. Bu gün “saxta xəbər”in daha təhlükəli bir növü-dezinformasiya yaradılır və yayılır. “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli deyir ki, “Fake news”, “Misinformation”, “Disinformation” və digər bu kimi terminlər ənənəvi olaraq, sinonim qismində işlədilirlər: “Ümumi cəhətləri budur ki, cəm halında xəbərin yalan olduğunu, saxtalığını ifadə edirlər. Amma müasir media nəzəriyyələri bu terminləri bir-birindən ayırır. “Saxta xəbər”i (Fake news) yayılma şərtinə, niyyət və məzmununa görə növlərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi olaraq, qeyd edilən terminlər yeni anlayışda ortaya çıxırlar. Yanlışlığın xəbərə təsadüfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır. Məqsədə, niyyətə görə saxta xəbər tiplərə bölünür. “Misinformation” üzrə təsnif edilən xəbərlərdə “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. “Saxta xəbər”in (Fake news) növləri arasında ən ziyanlı olanı “dezinformasiya”dır. Digərlərindən fərqli olaraq, bu kateqoriya “bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları”nəzərdə tutur. Ekvivalent olaraq “qarşı tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.
Fotoda: Müşfiq ƏləsgərliMüşfiq Ələsgərli deyir ki, günümüzdə ən narahatedici məsələ dezinformasiyanın kəmiyyətinin sürətlə artmasıdır: “Təsadüfi deyil ki, Davos İqtisadi Forumu sonuncu yığıncağında dezinformasiyanı səviyyəsinə görə dünya üçün 10 risk sırasında 2-ci yerdə yerləşdirib. Çox təəssüf ki, bu gün dezinformasiya təkcə rəqib dövlətləri deyil, həm də bütöv xalqları, cəmiyyətləri, hətta adi fərdləri də hədəfə gətirərək ciddi zərər vura bilir. Fərdlərin dezinformasiyadan müdafiəsi daha çətin olur”. Psixoloji təsir: görünməz zərbəPsixoloq Vüsalə Rüstəm də bildirir ki, dezinformasiya yalnız informasiya problemi deyil, həm də psixoloji təhlükədir: “Saxta xəbər fərdlərdə, hədəfə çevrilmiş insanlarda qorxu, təşviş və ümidsizlik yaradır. Beyin davamlı stress altında qalanda qərarvermə zəifləyir. Bir xəbər bəzən bir ölkəni yox, bir insanın həyatını dağıdır. Sosial şəbəkədə saniyələr içində edilən paylaşım illərlə silinməyən ləkəyə çevrilə bilir. Dezinformasiya məhz buna görə təhlükəlidir - o, görünmədən vurur”.
Fotoda: Vüsalə RüstəmPsixoloqun sözlərinə görə, uzunmüddətli dezinformasiya təsiri insanlarda güvənsizlik və reallıqla bağlı çaşqınlıq yaradır: “İnsan bir müddət sonra həqiqəti yox, eşitmək istədiyini qəbul etməyə başlayır. Bu, manipulyasiyanın ən təhlükəli mərhələsidir”. Vüsalə Rüstəmin fikrincə, informasiya bolluğu özü də risk yaradır: “İnsan beyni gündə yüzlərlə xəbər arasında qalanda yorulur. Bol informasiya şüuraltındakı yeri demək olar ki, tamamilə doldurur. İnsanda nevrotik tutmalar, depressiya, yuxusuzluq, ürək-damar problemləri yaradır. İnsanın həyat eşqi ölür, ruhən rəngsizləşir, çünki beynimiz bir müddət sonra süzməni dayandırır və yorulur. Nəticədə ya hər şeyə inanır, ya da heç nəyə”. Media savadlılığı: müdafiənin yeganə yolu Mütəxəssislər hesab edirlər ki, dezinformasiyaya qarşı ən effektiv vasitə media savadlılığının inkişaf etdirilməsidir. Media savadlılığı informasiyanı yoxlamaq, mənbəni qiymətləndirmək və tənqidi düşünmək bacarığı deməkdir. Müasir dövrdə hər bir istifadəçi həm oxucu, həm də yayımçıdır. Əgər hər hansı bir fərd media savadlılığına malik olmasa, o həm istehlak etdiyi məlumatlarda, həm də istehsal etdiyi xəbərlərdə yanlışlara yol verəcək. İnformasiya əsrində təhlükə artıq yalnız fiziki deyil. Bəzən bir telefon ekranında görünən xəbər bir insanın reputasiyasını, psixologiyasını və həyatını dəyişə bilər. Müşfiq Ələsgərli deyir ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir: “Əlamətdar haldır ki, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 