AZ

SEPAH dünyanın “nəfəsini kəsməklə” hədələyir - ya pul verin, ya da...

İran həftələrdir bildirir ki, Hörmüz boğazından keçən beynəlxalq gəmilərdən ödəniş tələb etmək hüququ var. İndi isə Tehranın boğazın altından keçən fiber-optik xətlərin operatoru olan qlobal texnologiya nəhənglərindən rüsum tələb etməsi məsələsi gündəmə gəlib. Təklifi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli iki agentlik irəli sürüb.

Ekspertlər İranın sualtı kabellərə görə rüsum tələbini praktiki layihədən daha çox, siyasi təzyiq və təhdid xarakterli gediş kimi qiymətləndirirlər.

"Sualtı kabellərə kənar müdaxilə riski həmişə olub. Amma İran kimi bir dövlətin bunu açıq şəkildə təhdid vasitəsinə çevirməsi vəziyyətin ciddiliyini daha da artırır", – Londonda yerləşən "NetBlocks" internet monitorinq qrupunun araşdırmalar üzrə direktoru Işık Mater Azadlıq Radiosuna bildirib.

Sualtı kabellərin böyük hissəsi "Google", "Meta", "Microsoft" və "Amazon" kimi qlobal texnologiya nəhənglərinə məxsusdur və birbaşa onlar tərəfindən idarə olunur. Bu infrastrukturlar Asiya ilə Avropanı və Fars körfəzi regionunu birləşdirərək SWIFT tranzaksiyalarını, bulud platformalarının məlumat axınını və ümumi internet şəbəkəsini təmin edir. Azadlıq Radiosunun İran üzrə jurnalisti Kian Şərifi qeyd edir ki, Hörmüz boğazından keçən sualtı kabellər sıradan çıxarsa, bunun Asiya, Yaxın Şərq və Avropa əhalisi üçün dərhal və genişmiqyaslı fəsadları ola bilər. İranın "Tasnim" və "Fars" agentliklərinin yaydığı məlumatda qeyd olunur ki, Tehran boğazdan keçən sualtı kabel şəbəkəsindən həm gəlir əldə etməli, həm də onun üzərində suverenlik hüquqlarını təsdiqləməlidir.

Təkliflərin hüquqi əsaslandırılması İranın imzaladığı, lakin ratifikasiya etmədiyi BMT Dəniz Hüququ Konvensiyasına (UNCLOS) söykənir. "Tasnim" iddia edir ki, konvensiyanın 34-cü maddəsi yalnız gəmilərin boğazdan keçidinə icazə vermir, eyni zamanda İrana dəniz dibi üzərində də söz sahibi olmaq haqqı tanıyır.

Hörmüz boğazının ən dar hissəsində İran və Omanın ərazi suları kəsişir. Bu səbəbdən sualtı kabellər fiziki olaraq İranın iddia etdiyi dəniz zonasında yerləşir. Agentliyin şərhinə görə, sözügedən ərazidə icazəsiz kabel çəkilməsi "İran torpağının sualtı işğalı" deməkdir və buna görə mütləq lisenziya alınmalı, rüsum ödənilməlidir.
Kalau

Təklif olunan gəlir modeli qismən Misir təcrübəsinə əsaslanır. "Tasnim"in iddiasına görə, Misir Süveyş kanalından keçən sualtı kabellərdən hər il yüz milyonlarla dollar gəlir əldə edir. Bu arqumentlər əsaslıdırmı?

Hüquq eksperti Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, beynəlxalq hüquqa görə Hörmüz boğazının və Süveyş kanalının hüquqi statusları fərqlidir:

“Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq olan təbii beynəlxalq boğaz hesab olunur. Onun hüquqi statusu BMT-nin Dəniz hüquqlarına dair konvensiyası ilə, Beynəlxalq Adət hüququnun normaları ilə və beynəlxalq gəmiçilikdə formalaşmış təcrübə ilə nizamlanır. Adı çəkilən Konvensiyaya görə, beynəlxalq təbii boğazlarda tranzit keçid rejimi müəyyən olunur. Bu tranzit keçidinin mahiyyəti ondan ibarətdir ki, bütün gəmilər, o cümlədən hərbi gəmilər boğazdan sərbəst şəkildə və fasiləsiz keçid hüququna malikdirlər. Sahilyanı dövlətlər özbaşına bu keçidə mane ola bilməzlər. Aviasiya da sərbəst şəkildə boğaz üzərindəki hava məkanından istifadə eləyə bilər. İran isə hesab edir ki, tranzit keçid hüququ yalnız konvensiyanın iştirakçısı olan dövlətlər üçün məcburi xarakter daşıyır. Başqa sözlə İran Hörmüz boğazından sərbəst keçidi rejimini tanımaq istəmir. Müasir beynəlxalq hüquqa görə, sahilyanı dövlətlərin ərazi sularının altında olan torpaq, yəni körfəzin dibi həmin dövlətlərin mülkiyyəti hesab olunur. Amma onların üzərində müvafiq dövlətlərin suverenlikləri nisbi xarakter daşıyır və boğazın beynəlxalq statusu ilə məhdudlaşır. Yəni bu mənada sahilyanı dövlətlərə beynəlxalq hüquqa görə müəyyən vəzifə qoyulub. Onlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə görə qaydalar müəyyən eləyə bilərlər, ekologiya məsələlərini nizamlaya bilərlər. Lakin boğazı beynəlxalq gəmiçilik üçün tam bağlamaq imkanına malik deyillər, xarici gəmiləri özbaşına saxlaya bilməzlər. Gəmilərdən keçid üçün rüsum tələb edilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir. Lakin İran boğazın dibinin onun ərazisi olan hissəsindən sualtı kabellərin keçməsinə görə müəyyən ödəniş tələb eləyə bilər. Lakin ödəniş tələb eləmək qeyri-məhdud xarakterli olmamalıdır. Bu Beynəlxalq dəniz hüququ ilə məhdudlaşdırılmalıdır”.

main-post-cover

Ekspert qeyd edib ki, Süveyş kanalına münasibətdə isə fərqli qaydalar müəyyən olunub: 

“Süveyş süni kanaldır, Misirin ərazisində yerləşir və tamamilə Misirin mülkiyyəti hesab olunur, onun tərəfindən idarə olunur. Onun statusu Beynəlxalq dəniz hüququ ilə müəyyən olunmur. Süveyş kanalının statusu Konstantinopol konvensiyası adlanan konvensiya ilə nizamlanır. Kanala münasibətdə Misirin əsas beynəlxalq vəzifəsi ondan ibarətdir ki, Misir həmişə kanalın beynəlxalq gəmiçilik üçün açıqlığını təmin eləməlidir. Dövlətlərin gəmilərinə münasibətdə ayıseçkilik etməməlidir. Lakin Misirin ixtiyarı var ki, tranzit keçidi və infrastruktur üçün ödənişlər tələb eləsin. O cümlədən kanalın dibi ilə kabellərin keçməsinə görə ödənişlər də müəyyən eləyə bilmək hüququna malikdir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr