AZ

Sülh prosesi üzərində ABŞ ın həlledici və inhisarçı təsiri

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Marco Rubio bildirib ki, Ukrayna münaqişəsinin həllində əsas rol ABŞ-a məxsusdur, lakin digər ölkələrin də vasitəçilik cəhdlərinə Vaşinqton qarşı çıxmayacaq. O qeyd edib ki, həm Rusiya, həm də Ukrayna ABŞ-ın prosesdə həlledici təsirə malik olduğunu düşünür və bu səbəbdən diplomatik təşəbbüslər davam etdirilir. Rubio ABŞ prezidentinin müharibənin bitməsində maraqlı olduğunu və bunun üçün müxtəlif diplomatik yolların açıq saxlandığını vurğulayıb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynaya ən böyük dəstəyi uzun müddət ərzində ABŞ göstərib və bu, xüsusilə Co Bayden administrasiyası dövründə daha sistemli və genişmiqyaslı xarakter alıb. Sonrakı mərhələdə, Donald Tramp dövründə də bu xətt tam dayanmasa da, münasibətlərdə müəyyən siyasi dəyişikliklər və təzyiq elementləri müşahidə olunub. Lakin İranla bağlı gərginlik və yeni münaqişə mühitinin yaranmasından sonra ABŞ-ın Ukraynaya yardımlarında ciddi azalmalar qeydə alınıb, bəzi məlumatlara görə bu azalma kəskin xarakter daşıyıb.

Politoloqun fikrincə, buna baxmayaraq, son dövrlərdə ABŞ Konqresində və Nümayəndələr Palatasında Ukraynaya yeni yardım paketlərinin müzakirəyə çıxarılması prosesi yenidən aktivləşib. Bu təşəbbüslər yaxın gələcəkdə təsdiqlənəcəyi təqdirdə, Ukraynanın həm dövlət büdcəsinin, həm də hərbi və sosial sektorlarının maliyyələşdirilməsində ABŞ dəstəyinin davam edəcəyi gözlənilir. Paralel olaraq Avropa İttifaqı da Ukraynaya milyardlarla avro həcmində maliyyə yardımı ayıraraq ölkənin iqtisadi dayanıqlığını və müdafiə potensialını dəstəkləməyə davam edir.

“Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-Rusiya münasibətlərində müəyyən yumşalma və fərqli siyasi yanaşmalar müşahidə olunsa da, Ukrayna məsələsində Vaşinqtonun mövqeyi tamamilə dəyişməyib. Rusiya tərəfindən Ukraynaya qarşı irəli sürülən tələblər, xüsusilə ərazi məsələləri ilə bağlı şərtlər, Kiyev tərəfindən qəbul edilməyib və Ukrayna rəhbərliyi bu mövqedən geri çəkilməyəcəyini bəyan edib. Bu prosesdə Avropa İttifaqının dəstəyi də Ukraynanın mövqeyini gücləndirən əsas amillərdən biri kimi çıxış edib”, – deyən politoloq bildirib ki, müharibənin səbəbləri və geosiyasi nəticələri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Bəzi analitik baxışlara görə, bu münaqişə Qərb və Rusiya arasında uzunmüddətli geosiyasi rəqabətin nəticəsi kimi də qiymətləndirilir. Eyni zamanda qeyd olunur ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın qlobal siyasətində Rusiya amili mühüm yer tutub və bu, iki güc arasında qarşıdurma mühitini daha da dərinləşdirib.

Politoloqun fikrincə, hazırkı mərhələdə Rusiya iqtisadi və siyasi baxımdan əvvəlki dövrlərlə müqayisədə daha zəif mövqedə qiymətləndirilir və qlobal güc balansında dəyişikliklərin baş verdiyi qeyd olunur. Bununla belə, Ukrayna–Rusiya münaqişəsinin yekun həllində və sülh müqaviləsinin formalaşmasında əsas vasitəçi və təsir gücünə malik aktorlardan birinin məhz ABŞ olacağı ehtimal edilir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
bizimyol.info

1Mənbələr