“12 may tarixində Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək WUF13 – Dünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində görülən işlərlə tanış olub. Təbii ki, bu mötəbər beynəlxalq tədbir böyük siyasi, iqtisadi və humanitar əhəmiyyət daşıyır. Dünyanın 180 ölkəsindən 32 min 225 nəfərin qeydiyyatdan keçməsi forumun qlobal miqyasda nə qədər böyük maraq doğurduğunu bir daha sübut edir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, 17–22 may tarixlərində dünyanın diqqəti Azərbaycana yönələcək və ölkəmiz beynəlxalq şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin əsas müzakirə mərkəzlərindən birinə çevriləcəkdir:
” Bu baxımdan dövlət başçısının tədbirin keçiriləcəyi əraziyə baxış keçirməsi olduqca mühüm əhəmiyyət daşıyır. Prezidentin diqqət və nəzarəti görülən işlərin daha yüksək məsuliyyətlə, keyfiyyətlə və operativ şəkildə icra olunmasına əlavə stimul verir.
WUF13-ün keçiriləcəyi ərazi forumu qəbul etməyə tam hazır vəziyyətdədir. Burada yüksək səviyyəli qonaqların, beynəlxalq təşkilat nümayəndələrinin, ekspertlərin, media mənsublarının və digər iştirakçıların rahat fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb. Təhlükəsizlik, logistika, nəqliyyat, texniki təminat və informasiya dəstəyi ən yüksək standartlara uyğun təşkil olunub.
Azərbaycan artıq uzun illərdir ki, mühüm qlobal tədbirlərə uğurla ev sahibliyi edir. Ölkəmiz beynəlxalq idman yarışları, siyasi forumlar, humanitar və iqtisadi tədbirlərin təşkili sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda, Azərbaycan ev sahibliyi etdiyi hər bir tədbirdə yeni yanaşmalar və yüksək təşkilatçılıq nümunəsi ortaya qoyaraq beynəlxalq aləmdə öz nüfuzunu daha da möhkəmləndirir.
Bu baxımdan hesab edirəm ki, WUF13 də öz miqyası, təşkilati səviyyəsi və qəbul ediləcək qərarlarla növbəti beynəlxalq forumlar üçün yeni bir nümunə olacaqdır. Forum Azərbaycanın artan beynəlxalq nüfuzunu, ölkəmizin qlobal təşəbbüslərə verdiyi töhfəni və müasir inkişaf modelini bir daha dünyaya nümayiş etdirəcəkdir”.