AZ

“David Babayanın hay-küyü beynəlxalq tribunal ritorikasına çevriləcək bir məsələ deyil” – Tanınmış vəkil

Separatçı rejimin uzun illər “xarici işlər naziri” kimi təqdim olunan və Azərbaycanın ərazi bütövlüyünə qarşı qanunsuz fəaliyyətlər göstərmiş David Babayan bu gün Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum edilmiş  şəxslərdən biridir.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antiterror əməliyyatı ilə ələ keçirilən David Babayan və digərləri barəsində uzun müddətli istintaq tədbirləri həyata keçirilib. Toplanmış cinayət dosyesi üzrə bu ilin fevralında Bakı Hərbi Məhkəməsində hökm çıxarılıb. Hökmə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən David Babayan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bu proses illərlə davam edən qanunsuz fəaliyyətlərin hüquqi qiymət alması kimi xarakterizə olunur və regionda hüquqi reallığın dəyişdiyini göstərən mühüm mərhələ hesab edilir. David Babayanın həbsi və məhkəmə hökmü fərdi məsuliyyət məsələsi olmaqla yanaşı, keçmiş separatçı strukturların fəaliyyətinə verilən hüquqi qiymət kontekstində diqqət çəkir. Hazırkı mərhələdə onun adından səsləndirilən hədyan dolu bəyanatlar isə daha çox məhkəmə prosesinin nəticələrini şübhə altına almağa və ictimai rəyə təsir göstərməyə yönəlmiş siyasi ritorika kimi qiymətləndirilir.

Mənə

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki,  hazırda Azərbaycan həbsxanasında cəza çəkən David Babayanın son açıqlamaları və Bakıdakı məhkəmə prosesi ətrafında səsləndirdiyi iddialar suallar doğurur. Vəkil deyir ki, David Babayanın məktublarının yoxa çıxması, məhkəmə sənədlərinə müdaxilə kimi ifadələri daha çox emosional və siyasi xarakter daşıyır, hüquqi faktlara söykənən konkret sübutlarla təsdiqlənmir: “Bu adamlar 30 ildən artıq bir müddətdə əzəli Azərbaycan torpaqlarında insanlıq əleyhinə cinayətlər törətmələri ilə fəxr ediblər, cinayətlərini sübut edən videolar belə çəkib yayıblar. Həbsə düşəndən sonra, əməllərinə görə layiq olduqları cəzalara çatdırıldıqdan sonra isə əsassız bəyanatlar verməklə məhkəmə prosesini hüquqi müstəvidən çıxararaq ictimai-siyasi müstəviyə daşımağa çalışırlar”.

Cavad Cavadov qeyd edir ki, hər bir cinayət və ya məhkəmə işi üzrə iddiaların qiymətləndirilməsi yalnız sənədlər, prosedur qaydaları və sübutlar əsasında aparıla bilər.

“Əgər hər hansı sənədin itməsi və ya çatdırılmaması ilə bağlı iddia varsa, bunun hüquqi mexanizmlərlə araşdırılması mümkündür və bu, beynəlxalq tribunal ritorikasına çevriləcək bir məsələ deyil,” – deyə vəkil vurğulayır.

Onun sözlərinə görə, Azərbaycanın məhkəmə sistemində proseslərin aparılması milli qanunvericiliyə və beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun şəkildə həyata keçirilir və tərəflərin müdafiə hüquqları təmin olunur. Bu baxımdan, “siyasi motivli məhkəmə” kimi qiymətləndirmələr hüquqi yox, daha çox siyasi bəyanat xarakteri daşıyır. Cavad Cavadov əlavə edir ki, David Babayan kimi uzun illər münaqişə fonunda fəaliyyət göstərmiş şəxslərin indi özlərini “hüquq pozuntularının qurbanı” kimi təqdim etməsi hüquqi baxımdan deyil, daha çox ictimai rəy formalaşdırmaq məqsədi daşıyan kommunikativ strategiya kimi qiymətləndirilə bilər. Vəkilin qənaətinə görə, belə bəyanatlar məhkəmə prosesinin mahiyyətini dəyişmir və hüquqi qiymət yalnız məhkəmənin yekun qərarları və sübutlar əsasında verilir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr