Bakı, 14 may, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma və memarlıq sahəsinin inkişafına verilən yüksək dövlət diqqətinin bariz nümunəsidir.
Azərbaycan Respublikası çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Məhz buna görə də Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin borcu kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Müasir şəhərsalma siyasətində tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatı” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Tarix və mədəniyyət abidələri dedikdə xalqın tarixi inkişafını, mədəniyyətini, memarlıq ənənələrini, dini və mənəvi dəyərlərini əks etdirən maddi irs nümunələri başa düşülür. Bunlara qədim yaşayış məskənləri, qalalar, məscidlər, karvansaralar, muzeylər, memorial komplekslər, arxeoloji obyektlər və digər tarixi tikililər aid edilə bilər. Bu abidələr yalnız keçmişin izlərini qoruyub saxlamır, eyni zamanda, gələcək nəsillərə ötürülən mədəni mirasın əsasını təşkil edir. Qloballaşma, urbanizasiya, silahlı münaqişələr və ekoloji problemlər nəticəsində mədəni irs obyektlərinin məhv olmaq təhlükəsi ilə üzləşməsi onların hüquqi müdafiəsinin əhəmiyyətini daha da artırır. Buna görə də tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatı həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn əsas istiqamətlərindən biri hesab olunur.
Azərbaycan Respublikasının Konstitusiyası mədəni irsin qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edib. Konstitusiyanın 40-cı maddəsinə əsasən hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ var. Eyni zamanda, dövlət tarixi, mədəni və mənəvi irsin qorunmasını təmin edir. Konstitusion müddəalar göstərir ki, mədəni irsin qorunması yalnız dövlət orqanlarının deyil, həm də fərdlərin vəzifəsidir. Bu baxımdan hüquqi mexanizmlərin formalaşdırılması böyük əhəmiyyət daşıyır.
Qanunvericiliyə əsasən, tarix və mədəniyyət abidələri dövlət qeydiyyatına alınmalı və müvafiq reyestrdə əks etdirilməlidir. Bu qeydiyyat abidələrin hüquqi qorunmasının başlanğıc mərhələsidir. Qeydiyyata alınmış abidələr üzərində xüsusi mühafizə rejimi tətbiq edilir, onların dağıdılması, dəyişdirilməsi və ya təyinatından kənar istifadəsi qadağan olunur. Bu, mədəni irsin qorunması üçün vacib hüquqi zəmin yaradır.
Tarix və mədəniyyət abidələrinin qorunmasında mühüm məsələlərdən biri də mühafizə zonalarının yaradılmasıdır. Mühafizə zonaları abidələrin ətraf mühitinin qorunmasını təmin edir və onların vizual, estetik və tarixi bütövlüyünü saxlayır. Şəhərsalma fəaliyyəti zamanı bu zonaların nəzərə alınması hüquqi baxımdan məcburidir. Əks halda, qanunvericiliyin pozulması halları baş verir və bu, inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Bərpa və konservasiya işləri də hüquqi tənzimləmənin mühüm istiqamətlərindən biridir. Abidələrin bərpası zamanı onların tarixi xüsusiyyətlərinin qorunması əsas prinsip kimi qəbul edilir. Bu proses mütəxəssislərin iştirakı ilə, elmi əsaslarla və müvafiq icazələr əsasında həyata keçirilməlidir. Özbaşına aparılan bərpa işləri abidənin orijinallığına zərər vurur və qanunla qadağandır.
Tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatında məsuliyyət məsələsi də mühüm yer tutur. Qanunvericiliyə əsasən, abidələrə ziyan vurulması, onların dağıdılması və ya qanunsuz dəyişdirilməsi halları hüquqi məsuliyyət yaradır. Bu məsuliyyət inzibati cərimələrdən başlayaraq cinayət məsuliyyətinə qədər uzana bilər. Bu isə hüquqi mexanizmlərin effektivliyini artırır və pozuntuların qarşısını almağa xidmət edir. Eyni zamanda, ictimaiyyətin bu sahədə rolu danılmazdır. Vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları və fərdi şəxslər mədəni irsin qorunmasında fəal iştirak etməlidir. Hüquqi maarifləndirmə tədbirləri insanların bu sahədə məsuliyyətini artırır və abidələrin qorunmasına töhfə verir.
Azərbaycan Respublikasında şəhərsalma və memarlıq sahəsinin inkişafına verilən yüksək dövlət diqqətinin bariz nümunəsi olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu sahənin strateji prioritet kimi müəyyən olunduğunu göstərir. Bu qərar ölkədə şəhərsalma siyasətinin müasir tələblərə uyğun şəkildə yenilənməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və tarixi-mədəni irsin qorunmasının daha sistemli şəkildə həyata keçirilməsi məqsədi daşıyır.
Bu kontekstdə mayın 17-dən 22-dək Bakıda keçiriləcək BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi əhəmiyyət kəsb edir. Forum davamlı, təhlükəsiz və inklüziv şəhər modellərinin müzakirəsi üçün mühüm beynəlxalq platformadır. Tədbirin əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Bu səbəbdən şəhərsalma sahəsində qərarverici şəxslər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri Bakıda bir araya gələcəklər.
Forumun Azərbaycanın şəhərsalma və regional inkişaf siyasətinə uzunmüddətli və çoxşaxəli təsirlər göstərəcəyi gözlənilir. Tədbir çərçivəsində müasir şəhərsalma yanaşmaları, ağıllı şəhər modelləri, ekoloji təhlükəsizlik, nəqliyyat infrastrukturu, sosial inklüzivlik və mədəni irsin qorunması kimi məsələlərin geniş müzakirəsi nəzərdə tutulur. Bu baxımdan forum beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Foruma hazırlıq çərçivəsində dövlət qurumları, elmi dairələr və ictimai institutlar arasında müxtəlif müzakirələr aparılıb, həmin müzakirələrin əsas istiqamətlərindən birini şəhərsalma və davamlı inkişaf məsələləri təşkil edib. Azərbaycanın 2025–2029-cu illər üzrə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilməsi isə ölkənin beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf sahəsində artan rolunu bir daha təsdiqləyir.
Ölkəmizin uğurlu şəhərsalma siyasətinin növbəti göstəricilərindən biri Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı çərçivəsində fəaliyyət göstərən Açıq Hökumətlərarası İşçi Qrupunun bürosunun həmsədri vəzifəsinə seçilməsidir. Belə ki, 2025-ci il oktyabrın 23-də Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin Məskunlaşma Proqramının qərargahında keçirilmiş Açıq Hökumətlərarası İşçi Qrupunun 2-ci sessiyası (“OEWG-H2”) çərçivəsində Azərbaycan həmin vəzifəyə layiq görülüb.
“Şəhərsalma və Memarlıq İli”nin elan olunması Azərbaycan şəhərlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs çərçivəsində şəhərlərin planlı inkişafı, memarlıq üslubunun qorunması, müasir və tarixi elementlərin harmoniyasının təmin edilməsi, eləcə də urbanizasiya prosesində ekoloji və estetik tarazlığın saxlanılması əsas istiqamətlər kimi müəyyən olunur. Xüsusilə tarixi şəhər mühitinin qorunması, qədim memarlıq nümunələrinin bərpası və onların şəhər strukturuna inteqrasiyası mühüm vəzifələrdən biri kimi çıxış edir.
Qeyd etməliyik ki, tarixi qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələri şəhərsalma sahəsində uğurlu təcrübə hesab etmək olar. Burada tətbiq edilən yanaşmalar həm bir-birindən fərqlənir, həm də müasir urbanistik prinsiplərə əsaslanır. Bəzi ərazilərdə tam dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, bəzi ərazilərdə isə mədəni irsin qorunması ilə paralel bərpa işlərinin aparılması fərqli yanaşmaların tətbiqini tələb edir.
Azərbaycanın şəhərsalma tarixi çox qədim dövrlərə söykənir. Bakı, Şəki, Gəncə, Naxçıvan, Qarabağ kimi bölgələr əsrlər boyu formalaşmış memarlıq ənənələrini bu günə qədər qoruyub saxlayıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəzərdə tutulan tədbirlər həm hüquqi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə şəhərsalma qanunvericiliyinin təkmilləşdirilməsi, yeni baş planların hazırlanması, tarixi abidələrin mühafizə zonalarının genişləndirilməsi və şəhər mühitində tarixi memarlıqla müasir tikililər arasında balansın yaradılması kimi məsələlər xüsusi diqqət mərkəzindədir.
Beləliklə, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması Azərbaycanda şəhərsalma siyasətinin yeni mərhələyə keçidini ifadə edir, tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatının daha da gücləndirilməsinə xidmət edir.
Ulu Öndər Heydər Əliyev Vətəninə və xalqına dərin bağlılığı ilə seçilən görkəmli dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə və milli-mənəvi dəyərlərinə xüsusi diqqət yetirib. Məhz Ulu Öndərin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sahəsində sistemli dövlət siyasətinin əsası qoyulub. Həmin dövrdə Bakı şəhərinin inkişafı planlı şəhərsalma prinsipləri əsasında həyata keçirilməyə başlanıb, şəhərin Baş Planı yenilənib, ərazilərin funksional zonalara bölünməsi, yeni yaşayış massivlərinin salınması, eləcə də mühəndis-kommunikasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan memarları qarşısında tikililərin təyinatından asılı olmayaraq milli memarlıq üslubunun, milli koloritin və klassik memarlıq ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi vəzifəsini qoymuşdu.
Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Belə ki, Ulu Öndərin xeyirxahlıq missiyasını yaşadan və uğurla davam etdirən Fond Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin tarixi-mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyasıdır. Bu fəaliyyət müasir şəhərsalma siyasətində xüsusi əhəmiyyət daşıyır. Çünki şəhərlərin sürətli inkişafı fonunda tarixi memarlıq nümunələrinin qorunması milli-mədəni irsin saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Fond tərəfindən işğaldan azad edilmiş ərazilərdə də tarixi-mədəni irsin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Uzun illər ərzində dağıdılmış və vandalizmə məruz qalmış tarixi, dini və mədəni abidələrin yenidən bərpası Azərbaycanın mədəni irsinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu fəaliyyət həm milli irsin bərpasına, həm də həmin ərazilərin yenidən qurulması prosesində tarixi-mədəni mühitin qorunmasına xidmət edir.
Həmçinin qeyd etməliyik ki, Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir. Nazirlik bu sahədə dövlət siyasətinin icrasını təmin edən əsas qurumlardan biri kimi çıxış edir. Nazirlik tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı aparılır, onların mühafizəsi təmin edilir və texniki vəziyyəti mütəmadi olaraq monitorinq edilir. Eyni zamanda, qəzalı vəziyyətdə olan və ya zədələnmiş abidələrin bərpası, konservasiyası və restavrasiya işləri həyata keçirilir. Tarixi abidələrin yerləşdiyi ərazilərdə mühafizə zonalarının müəyyən edilməsi və həmin ərazilərdə tikinti fəaliyyətinə nəzarət olunması da nazirliyin əsas fəaliyyət istiqamətlərindəndir. Bununla yanaşı, nazirlik müxtəlif sərgilər, forumlar, konfranslar və maarifləndirici tədbirlər təşkil etməklə cəmiyyətdə mədəni irsə hörmət və qayğı hissinin formalaşdırılmasına mühüm töhfə verir.
Həmçinin qeyd olunmalıdır ki, beynəlxalq təcrübəyə nəzər salsaq, turizm sahəsi mədəniyyət sahəsinin tərkibində vahid tənzimləmə predmeti kimi çıxış edir. Mədəniyyət və turizm əslində bir-birindən ayrı sahələr deyil, belə ki, dünyanın hər yerində turistləri cəlb edən əsas səbəb ziyarət olunan ölkənin mədəniyyətinin zənginliyidir (tarix-mədəniyyət abidələri, beynəlxalq və ölkə əhəmiyyətli festivallar, zəngin mətbəx, adət-ənənələr). Turizm əslində mədəniyyətin iqtisadi formaya çevrilməsidir, yəni məsələyə iqtisadi olaraq yanaşsaq, mədəniyyət məhsul, turizm isə onun təqdimatıdır. Dünyada mədəniyyət və turizmin birgə idarə olunması ilə bağlı ən uğurlu nümunələrdən biri Türkiyə modelidir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi mərkəzi aparat, tabeli ixtisaslaşmış qurumlar və xaricdəki mədəniyyət mərkəzlərindən ibarət şaxələnmiş idarəetmə sisteminə malikdir. Bu struktur daxilində mədəni irsin qorunması, incəsənətin təşviqi və turizm sənayesinin inkişafı vahid dövlət strategiyası əsasında sinxronlaşdırılaraq idarə olunur. Bu isə vahid “Türkiye” brendinin formalaşmasına və bu brendin ixracına xidmət edən işlərin həyata keçirilməsi nəticəsində Türkiyənin turizm gəlirlərinin ilbəil artmasına şərait yaratmışdır. Qardaş Türkiyə modeli uğurlu və özünü doğrultmuş model kimi əsas götürülə bilər.
Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan Respublikası tarix və mədəniyyət abidələrinin qorunması sahəsində beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu istiqamətdə bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulub. Həmin konvensiyalar milli-mədəni irsin beynəlxalq səviyyədə qorunmasına, bərpasına və gələcək nəsillərə ötürülməsinə hüquqi zəmin yaradır. Bu sahədə ən mühüm beynəlxalq sənədlərdən biri UNESCO tərəfindən qəbul edilmiş “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il Konvensiyasıdır. Həmin Konvensiyanın əsas məqsədi dünya əhəmiyyətli mədəni və təbii irsin qorunmasını təmin etmək, onların gələcək nəsillərə çatdırılması üçün dövlətlər arasında beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Nəticə etibarilə, müasir şəhərsalma siyasətində tarix və mədəniyyət abidələrinin qorunması dövlətin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Tarixi-mədəni irsin mühafizəsi yalnız keçmişin qorunması deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin mühüm təminatıdır. Bu baxımdan şəhərsalma prosesində tarixi abidələrin qorunması, onların şəhər mühitinə uyğun şəkildə inteqrasiyası və hüquqi mühafizə mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən dövlət siyasəti, qəbul olunan normativ-hüquqi aktlar, beynəlxalq əməkdaşlıq və Heydər Əliyev Fondunun fəaliyyəti tarix və mədəniyyət abidələrinin qorunmasının sistemli şəkildə həyata keçirildiyini göstərir. Xüsusilə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu istiqamətdə görülən işlərin daha da genişlənəcəyini və şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunmasına xüsusi diqqətin davam etdiriləcəyini nümayiş etdirir.