Olaylar xəbər verir ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.
"Bu, artan beynəlxalq diqqət və etimadın parlaq göstəricisidir. Eyni zamanda, bu uğur Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci məqsədini - qlobal tərəfdaşlıq fəlsəfəsini birbaşa əks etdirir",- deyə o qeyd edib.
R. İsgəndərli bildirib ki, Qlobal Cənub şəbəkəsi vətəndaş cəmiyyətinin mühüm və dayanıqlı irslərindən biri kimi qiymətləndirilir. Şəbəkə artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınıb:
"Biz London, Bonn, Nayrobi, Əddis-Əbəbə və nəhayət Bakı kimi şəhərlərdə keçirilən bir çox qlobal və regional tədbirlərdə iştirak edərək öz təcrübəmizi bölüşmüşük".
Ramil İsgəndərlinin sözlərinə görə, yerli QHT-lərin beynəlxalq əməkdaşlığa təşviq edilməsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təcrübəsi gələcək fəaliyyət üçün möhkəm əsasdır. Qlobal Cənub əməkdaşlığına göstərilən maliyyə dəstəyi gələcəyə yönəlmiş mühüm siqnaldır.