AZ

Paşinyandan gözlənilməz Qarabağ açıqlaması: ermənilər oyadılır?

Paşinyanın son açıqlamaları Ermənistan daxilində illərlə formalaşdırılmış siyasi miflərin sarsıldığını göstərir. Xüsusilə Qarabağın Ermənistana aid olmadığı ilə bağlı səsləndirdiyi fikirlər həm revanşist dairələrdə narahatlıq yaradır, həm də regionda yeni siyasi reallıqların qəbul edilməsinin qaçılmaz olduğunu ortaya qoyur. Ekspertlər hesab edir ki, Ermənistan cəmiyyətində artıq müharibə ritorikası ilə regional əməkdaşlıq və inkişaf arasında ciddi seçim mərhələsi başlayıb.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan seçki ərəfəsində daha realist və praktik yanaşma sərgiləyir, xüsusilə Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə qəbul edən mövqe nümayiş etdirir:

“30 il ərzində Ermənistanda belə bir mif formalaşdırılmışdı ki, Qarabağ və ətraf bölgələr Ermənistanın ayrılmaz hissəsidir. Bu istiqamətdə illərlə dövlət səviyyəsində təbliğat aparılıb. Nikol Paşinyan isə indi həmin saxta narrativi dağıdaraq açıq şəkildə bəyan edir ki, Qarabağ Ermənistan ərazisi olmayıb və erməni torpağı hesab edilə bilməz.

Bu yanaşma təbii olaraq revanşist dairələr tərəfindən ciddi narazılıqla qarşılanır və Ermənistanda siyasi düşərgələr daha qabarıq şəkildə formalaşır. Hazırda ölkədə sülh tərəfdarları ilə müharibə ritorikasını müdafiə edən qüvvələr arasında açıq siyasi qarşıdurma müşahidə olunur.

Revanşist düşərgədə yer alan Robert Köçəryan, Samvel Karapetyan, Qaqik Sarukyan və Daşnaksütyun yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirirlər. Hətta Robert Köçəryan hakimiyyətə qayıdacağı təqdirdə Qarabağı yenidən Ermənistana birləşdirəcəyini iddia edir.

Ancaq Nikol Paşinyanın son çıxışları erməni cəmiyyətində müəyyən ayılma prosesini sürətləndirir. O, Qarabağın Azərbaycana məxsus olduğunu vurğulamaqla cəmiyyətə illərlə təqdim olunan yanlış tezislərlə barışmamağın vacibliyini çatdırır. Bu, yalnız seçki kampaniyasının elementi deyil, həm də regionda yaranmış yeni siyasi reallığın qəbul etdirilməsi cəhdidir.

Əgər bu, sırf siyasi manevr olsaydı, Paşinyan əvvəlki hakimiyyətlər kimi Qarabağla bağlı köhnə iddiaları davam etdirərdi. Onun mövqeyi daha çox beynəlxalq hüquq və mövcud regional reallıqlar əsasında formalaşmış praktik siyasi yanaşma təsiri bağışlayır.

Hesab edirəm ki, seçkilərdə də Nikol Paşinyanın üstün mövqedə qalması mümkündür. Çünki onun əsas tezisləri qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, iqtisadi inkişaf və demokratik institutların gücləndirilməsinə hesablanıb. Müxalif revanşist qüvvələrin ritorikası isə Ermənistanı yenidən qarşıdurma və siyasi təcrid mühitinə sürükləməyə xidmət edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
50
editor.az

10Mənbələr