
İnkişaf etmiş ölkələr, inkişaf etməkdə olan dövlətlərin iqlim ehtiyacları üçün hər il 300 milyard dollar ayırmaq öhdəliyinə baxmayaraq, ardıcıl olaraq ikinci ildir ki, iqlim maliyyələşdirməsini azaldırlar.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş Assambleyasında bildirib.
O qeyd edib ki, buna baxmayaraq, həmin icmalar dayanıqlıq, innovativ yanaşma və dayanıqlı həllərin təşviqində liderlik nümayiş etdirirlər.
M.Babayevin sözlərinə görə, dünyadakı müharibə və münaqişələr, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə baş verənlər ciddi humanitar, ekoloji, enerji və sosial fəsadlar yaradır.
O xatırladıb ki, COP29-dan sonra bir çox ölkələr və beynəlxalq institutlar iqlim maliyyələşdirməsi üzrə yeni öhdəliklər, təşəbbüslər və proqramlar qəbul ediblər, lakin vurğulayıb ki, təkcə öhdəliklər kifayət deyil və hazırda əsas məsələ onların icrasıdır.
"İnkişaf etmiş ölkələr enerji keçidində inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi götürüblər. Təəssüf ki, bu razılaşma əldə edildikdən sonra artıq ardıcıl olaraq ikinci ildir ki, inkişaf etmiş ölkələr tərəfindən (maliyyələşdirmə məsələlərində - red.) geri addım atıldığını müşahidə edirik", - iqlim məsələləri üzrə nümayəndə bildirib.
O, inkişaf etmiş ölkələrin hökumətlərinin hərbi xərcləri artırması ilə əlaqədar təəssüfünü ifadə edib, bu da, onun sözlərinə görə, iqlim maliyyələşdirməsini azaldır.