AZ

Dayanıqlı şəhərlər və icmalar

Yazını böyüt
Yazını kiçilt

May ayının 17-dən Bakı daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) məhz Azərbaycanda keçiriləcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu ətrafında formalaşan bu forum təkcə qlobal şəhərsalma dialoqunun platforması deyil, eyni zamanda Azərbaycanın müasir inkişaf modelinin, urban siyasət baxışının və beynəlxalq etimadının nümayişi kimi çıxış edir.

Beynəlxalq arenada artan nüfuz

Son illərdə Azərbaycan beynəlxalq arenada fəallığını yalnız klassik diplomatik platformalarla deyil, həm də tematik qlobal forumlarla genişləndirir. COP29 kimi iqlim gündəliyinə yönəlmiş tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq platformaları və humanitar forumlar ölkənin qlobal proseslərdə artan rolunu göstərir. WUF13 isə bu silsilədə xüsusi yer tutur, çünki o, birbaşa şəhərlərin gələcəyini müəyyən edən strateji müzakirə platformasıdır.

Şəhərsalma artıq yalnız fiziki infrastruktur və memarlıq məsələsi kimi qiymətləndirilmir. Müasir yanaşmada bu sahə iqtisadi dayanıqlılıq, sosial inklüzivlik, ekoloji balans, rəqəmsal idarəetmə və təhlükəsizlik kimi çoxşaxəli komponentləri özündə birləşdirir. Məhz buna görə WUF13 qlobal miqyasda hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, özəl sektoru və akademik ekspertləri bir masa ətrafında birləşdirən nadir platformalardan biridir.

Bakının bu forum üçün ev sahibi seçilməsi təsadüfi deyil. Son illərdə Azərbaycanda həyata keçirilən urban inkişaf siyasəti, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ölkəni bu sahədə praktiki laboratoriyaya çevirib. Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən yeni şəhər modelləri, rəqəmsal idarəetmə sistemləri və yaşıl enerji həlləri beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir və müasir post-münaqişə bərpa urbanizasiyasının nümunəsi kimi qiymətləndirilir.

Bu kontekstdə forumun Azərbaycanda keçirilməsi həm də ölkənin beynəlxalq etibarlılığının göstəricisi kimi qəbul edilir. Rəsmi yanaşmalara görə, WUF13 Azərbaycanın dayanıqlı inkişaf strategiyasına verdiyi töhfənin və qlobal urban gündəmdə artan rolunun təsdiqidir.

Tədbirə ölkə üzrə geniş hazırlıq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə paytaxtda baş tutacaq beynəlxalq tədbir kimi deyil, ölkə üzrə geniş ictimai və institusional hazırlıq prosesi ilə müşayiət olunur. Bu prosesin ən mühüm istiqamətlərindən biri də WUF13 Festivallarıdır ki, Azərbaycanın müxtəlif şəhərlərində keçirilərək qlobal şəhərsalma gündəmini yerli ictimaiyyətə daha yaxınlaşdırır. Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir və Gəncədən sonra bu silsilənin növbəti ünvanı Xankəndi olub və burada keçirilən tədbir həm məzmun, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır.

Xankəndidə təşkil olunan festival günün birinci yarısında Qarabağ Universitetində keçirilən geniş məlumatlandırma sessiyası ilə başlayıb. Burada tələbələr, akademik heyət və media nümayəndələri WUF13-ün mahiyyəti, məqsədləri və qlobal şəhərsalma proseslərində oynadığı rol barədə ətraflı məlumat əldə ediblər. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov və Qarabağ Universitetinin nümayəndəsi Gəray Zeynallı forumun yalnız şəhərsalma platforması deyil, eyni zamanda sosial-iqtisadi inkişafı stimullaşdıran genişmiqyaslı qlobal dialoq məkanı olduğunu vurğulayıblar.

Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, müasir şəhərsalma yanaşmaları artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, eyni zamanda məşğulluğun artırılması, mobilliyin yaxşılaşdırılması və şəhər xidmətlərinə çıxışın genişləndirilməsi kimi sosial-iqtisadi nəticələr yaradan kompleks bir sistemdir. Bu baxımdan yeni urban inkişaf proqramları və genişmiqyaslı quruculuq layihələri təkcə şəhərlərin fiziki transformasiyasını deyil, həm də iqtisadi fəallığın artmasını təmin edir. Xüsusilə xidmət və tikinti sektorlarında yeni iş yerlərinin yaranması bu prosesin birbaşa nəticəsi kimi qiymətləndirilir.

Tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə də geniş yer verilib. Qeyd olunub ki, erməni vandalizmi nəticəsində dağıdılmış bu ərazilər artıq yalnız bərpa edilmir, eyni zamanda müasir şəhərsalma standartlarına uyğun olaraq sıfırdan yenidən qurulur. Bu yanaşma regionun gələcək inkişafını klassik bərpa modelindən çıxararaq innovativ urban ekosistem quruculuğu istiqamətinə yönəldir. Artıq səkkiz şəhərin baş planı təsdiqlənib, yüzdən çox kənd və qəsəbənin şəhərsalma əsaslandırılması hazırlanıb, digər şəhərlər üzrə planlaşdırma işləri isə mərhələli şəkildə tamamlanmaqdadır. Bu proses nəticəsində həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını, yaşıl enerji həllərini və müasir infrastruktur sistemlərini birləşdirən yeni urban model formalaşır.

WUF13 Festivalının Xankəndidə keçirilməsi həm də xüsusi simvolik məna daşıyır. Bu tədbir şəhərin yalnız coğrafi məkan kimi deyil, eyni zamanda yeni inkişaf mərhələsinin mərkəzi kimi təqdim olunmasına imkan yaradır. Burada aparılan müzakirələr və təqdimatlar göstərir ki, Xankəndi artıq post-münaqişə bərpa prosesinin tərkib hissəsi olmaqla yanaşı, gələcək urban inkişaf vizyonunun real tətbiq olunduğu məkanlardan biridir.

Eyni zamanda, festivalın ümumi məqsədi WUF13-ü geniş ictimaiyyət üçün daha əlçatan etmək və qlobal şəhərsalma gündəmini cəmiyyətə yaxınlaşdırmaqdır. Bu çərçivədə ölkənin müxtəlif regionlarında keçirilən festivallara artıq on minlərlə insanın qatılması göstərir ki, şəhərsalma mövzusu tədricən ictimai maraq və müzakirə predmetinə çevrilir. Rəqəmlər də bunu təsdiqləyir: indiyədək keçirilən tədbirlərdə təxminən səksən min iştirakçı yer alıb, eyni zamanda WUF13 üçün 178 ölkədən otuz mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal miqyasını bir daha nümayiş etdirir.

WUF13-də nələr müzakirə olunacaq?

Mayın 17-dən 22-dək davam edəcək tədbir çərçivəsində dünyanın aparıcı şəhərsalma ekspertləri, maliyyə institutlarının nümayəndələri, hökumət rəsmiləri və akademik dairələr sürətlə dərinləşən mənzil böhranı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və dayanıqlı urban inkişaf modelləri ətrafında bir araya gələcəklər. Forumun əsas məqsədi şəhərlərin gələcəyinə dair qlobal həll yollarının tapılması, sosial ədalətə əsaslanan mənzil siyasətinin formalaşdırılması və iqlim risklərinə qarşı dayanıqlı şəhər modellərinin inkişaf etdirilməsidir.

Müşahidələr göstərir ki, son illərdə dünya şəhərləri bir neçə paralel böhranla üz-üzə qalıb. Mənzil əlçatanlığının azalması, sürətli urbanizasiya, iqlim dəyişiklikləri və sosial bərabərsizlik əsas problemlərdən hesab olunur. WUF13 bu problemləri təkcə müzakirə etmək deyil, həm də konkret həll yolları formalaşdırmaq üçün qlobal platforma rolunu oynayır. Forumun açıq sessiyalarında “Qlobal mənzil böhranı: Plan nədir?” mövzusu xüsusi diqqət mərkəzində olacaq. Burada Jeffrey Sachs, Jonathan Reckford, Emilia Saiz kimi beynəlxalq mütəxəssislər çıxış edərək mənzil siyasətində sistem boşluqları, şəhər idarəetmə modelləri və sosial bərabərsizliyin azaldılması yollarını müzakirə edəcəklər. Forum çərçivəsində “Böhrandan bərpa və yenidənqurmanın mərkəzində mənzil” adlı sessiya da xüsusi əhəmiyyət daşıyır. Müharibə, təbii fəlakət və humanitar böhranlardan təsirlənən bölgələrdə mənzil təminatı və şəhər bərpası məsələləri gündəmə gətiriləcək. Bu sessiyada Ugochi Daniels və Ming Zhang kimi BMT ekspertləri iştirak edəcəklər. Müzakirələrdə xüsusilə dağıdılmış ərazilərin yenidən qurulması, qaçqın və məcburi köçkünlərin mənzil təminatı və sosial reinteqrasiya modelləri əsas yer tutacaq.

WUF13-ün ən mühüm istiqamətlərindən biri iqlim dəyişiklikləri ilə şəhər inkişafı arasındakı əlaqədir. “İqlim və mənzil əlaqəsi” adlı sessiyada aşağı karbonlu şəhər modelləri, enerji səmərəli binalar və iqlim risklərinə qarşı dayanıqlı infrastruktur müzakirə olunacaq.

Forumun digər vacib istiqamətlərindən biri sosial inklüzivlik və mədəni irsin qorunmasıdır. Afrika regionunda əlçatan mənzil layihələri, şəhərlərin yenilənməsi və mədəni irsin qorunması ilə bağlı xüsusi sessiyalar planlaşdırılır. WUF13 çərçivəsində akademik dairələr üçün nəzərdə tutulmuş xüsusi dəyirmi masa da keçiriləcək. Burada şəhər problemlərinin həllində innovasiyanın rolu, rəqəmsal texnologiyalar, süni intellekt və məlumat əsaslı şəhər idarəetməsi müzakirə olunacaq.

Ümumilikdə WUF13 Azərbaycanın qlobal şəhərsalma gündəmində yeni mərhələyə keçidini ifadə edir. Əgər əvvəlki illərdə ölkə əsasən enerji və geosiyasi layihələrlə tanınırdısa, bu gün urban inkişaf, dayanıqlı şəhərlər və innovativ idarəetmə modelləri də Azərbaycanın beynəlxalq imicinin mühüm komponentinə çevrilir. Bakı isə 2026-cı ildə yalnız ev sahibi şəhər deyil, qlobal şəhərsalma düşüncəsinin formalaşdığı əsas mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır.

Seçilən
81
hafta.az

1Mənbələr