AZ

Buraxılış imtahanları ilə bağlı yeni dəyişikliklər olacaq - Məleykə Abbaszadə AÇIQLADI

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə gələcəkdə imtahan modellərində nəzərdə tutulan dəyişikliklər, yeni qiymətləndirmə üsulları və rəqəmsallaşdırma prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Məleykə Abbaszadə bu barədə APA İnformasiya Agentliyinə müsahibəsində danışıb.

O bildirib ki, qəbul və buraxılış imtahanlarında edilən dəyişikliklərin əsas məqsədi təhsil proqramlarında aparılan yeniliklərə uyğunlaşmaqdır.

“Biz artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik. İmtahanlarda fundamental biliklərlə yanaşı, analitik düşüncə, məntiqi təfəkkür və qərarvermə kimi bacarıqları da yoxlayırıq”, - deyə DİM sədri qeyd edib.

Məleykə Abbaszadə vurğulayıb ki, dəyişikliklər məktəb proqramından kənara çıxmadan həyata keçirilir və beynəlxalq qiymətləndirmə standartlarına uyğunlaşdırılır.

DİM sədri həmçinin bildirib ki, gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə yeni model tətbiq oluna bilər. Yeni modelə əsasən, şagirdlərdən yüz sözdən ibarət kiçik mətn yazılması tələb ediləcək.

Onun sözlərinə görə, hazırda xarici dil imtahanlarında oxuyub-anlama və dinləyib-anlama bacarıqları yoxlanılır, gələcəkdə isə danışıq qabiliyyətinin qiymətləndirilməsi də tətbiq oluna bilər.

Müsahibədə o da qeyd olunub ki, informatika, magistratura və rezidenturaya qəbul imtahanlarının mərhələli şəkildə rəqəmsallaşdırılması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanlarının artıq elektron formada keçirildiyi diqqətə çatdırılıb.

Məleykə Abbaszadə əlavə edib ki, koqnitiv bacarıqların inkişafı ali təhsil mərhələsində də tələbələrin nəticələrinə müsbət təsir göstərir.

 

Seçilən
16
1
redaktor.az

2Mənbələr