AZ

Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama


Sabiq nazir: “Biz bu sovet ‘hədiyyələri’ ilə niyə razılaşmalıyıq?”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan cəmiyyətində son vaxtlar geniş müzakirə olunan “kiçik və real Ermənistan” konsepsiyasına münasibət bildirib və diqqəti sovet dövründə Azərbaycanın hesabına Ermənistana verilmiş ərazilər məsələsinə yönəldib.

Musavat.com xəbər verir ki, Tofiq Zülfüqarov sosial şəbəkədə paylaşdığı geniş şərhdə Ermənistan daxilində Nikol Paşinyanın irəli sürdüyü “kiçik və real Ermənistan” anlayışı ətrafında gedən mübahisələrə toxunaraq belə bir sual qoyub:

“Erməni seqmentində belə mübahisələr gedir ki, onlar Paşinyanın nişan kimi sinəsində gəzdirdiyi “kiçik və real Ermənistan” ideyasını dəstəkləməli və onunla razılaşmalıdırmı? Mən isə düşünürəm: biz sovet hakimiyyətinin Azərbaycanın hesabına Ermənistana etdiyi “hədiyyələrlə” razılaşmalıyıqmı?”

Sabiq nazir qeyd edib ki, 1920-ci ildən sonra Zaqafqaziyada sovet hakimiyyətinin qurulması və inzibati-ərazi bölgüsü prosesində Azərbaycan SSR-in geniş sərhəd əraziləri Ermənistana verilib. Onun sözlərinə görə, bu torpaqların ümumi sahəsi 20 min kvadrat kilometrdən çox olub.

Tofiq Zülfüqarov həmin proseslərin xronologiyasını da təqdim edib.

 

“Qərbi Zəngəzurun verilməsi Naxçıvanı Azərbaycandan ayırdı”

Sabiq xarici işlər naziri bildirib ki, 1920-ci ilin dekabrında sovet Azərbaycanının partiya rəhbərliyinin qərarı ilə Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkib hissəsi kimi tanınıb.

Onun sözlərinə görə, bu qərar 1921-ci ilin iyulunda rəsmiləşdirilib və nəticədə Naxçıvan Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb.

“Qazax qəzasının minlərlə kvadrat kilometri Ermənistana verildi”

Tofiq Zülfüqarov yazıb ki, 1922-ci ilin oktyabrında Azərbaycan SSR-in Qazax qəzasından Ermənistanın xeyrinə 4141 kvadrat kilometrdən artıq məhsuldar və örüş torpaqları ayrılıb.

O qeyd edib ki, sonrakı illərdə rayon əhalisi yaylaqlarının təxminən yarısını itirib.

Şınıx-Ayrım və Naxçıvan kəndləri ilə bağlı qərarlar

Sabiq nazirin sözlərinə görə, 1929-cu ilin fevralında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qazax qəzasının Şınıx-Ayrım bölgəsindən 4000 desyatin torpaq Ermənistanın Dilican qəzasına verilib.

Eyni ilin fevralında isə Naxçıvan MSSR-in tərkibindən bir sıra yaşayış məntəqələri – o cümlədən Gurdqulaq, Xaçik, Goradiz kəndləri və Ordubad qəzasının Kilit kəndinin torpaqlarının bir hissəsi Ermənistana birləşdirilib.

“Mehri rayonu Azərbaycan torpaqları hesabına yaradıldı”

Tofiq Zülfüqarov bildirib ki, 1930-cu ildə əvvəllər Azərbaycan ərazilərindən verilmiş torpaqlar əsasında Ermənistan SSR-də Mehri rayonu yaradılıb.

Onun fikrincə, bu addım Naxçıvanın Azərbaycanın əsas hissəsindən quru əlaqəsinin hüquqi və fiziki şəkildə ayrılmasını möhkəmləndirib.

Sabiq xarici işlər naziri əlavə edib ki, istənilərsə, həmin dövrün sərhəd xəritələri, respublikaların ərazi dəyişikliklərinin dinamikası və bu qərarların demoqrafik nəticələri ilə bağlı əlavə məlumatlar da təqdim oluna bilər.


Seçilən
1
1
nuh.az

2Mənbələr