AZ

Danışıqlar əvəzinə müharibə: Moskva ərazi iddialarını genişləndirməyə hazırlaşır

Rusiya və Ukrayna Yaxın Şərqdəki böhran başa çatdıqdan sonra belə ABŞ vasitəçiliyi ilə sülh danışıqlarının bərpası imkanına getdikcə daha az inanır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times hər iki tərəfin mövqeləri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vladimir Putin Rusiya ordusunun irəliləyişini davam etdirməyə qərar verib və Donbas üzərində tam nəzarət əldə olunacağı təqdirdə tələblərini genişləndirməyi planlaşdırır. Mənbələr bildirirlər ki, Rusiya rəhbərliyi daha güclü mövqedən çıxış edərək yeni ərazi güzəştlərinə nail olacağına ümid edir.

Kiyevdə isə hesab edirlər ki, Ukrayna artıq Vaşinqtonun tezliklə əlverişsiz razılaşma əldə olunması ilə bağlı təzyiqlərinə qarşı daha dayanıqlıdır. Ukrayna rəsmilərinin fikrincə, cəbhədə vəziyyət sabitləşib, uzaqmənzilli pilotsuz uçuş aparatlarının Rusiya ərazisinə zərbələri isə Kiyevin mövqelərini gücləndirib.

Donald Trampın tərəflərin guya “razılaşmaya yaxınlaşdığı” ilə bağlı bəyanatlarına baxmayaraq, Financial Times-ın həmsöhbətləri bildirirlər ki, nə Moskva, nə də Kiyev hazırkı danışıqlar formatının davam etdirilməsində artıq məna görür.

Ukrayna nümayəndələri bildiriblər ki, faktiki olaraq danışıqlar prosesi fevral ayında Rusiya ilə növbəti təmas raundundan sonra dayanıb. Kiyevdə həmçinin hesab edirlər ki, ABŞ Moskvanı tələblərini yumşaltmağa məcbur edə bilməyib.

"Amerika tərəfi Rusiyadan heç bir irəliləyiş əldə edə bilmədi", deyə FT ukraynalı rəsmilərdən birinin sözlərini sitat gətirib.

Bununla yanaşı, həm Putin, həm də Zelenski ABŞ-ın diplomatik prosesdə iştirakını açıq şəkildə dəstəkləməyə davam edir və Trampın müharibə mövzusuna marağını qorumağa çalışırlar.

Nəşr yazır ki, Rusiya prezidenti Avropa vasitəçiliyi təkliflərini rədd edib və neytral ərazidə sammit keçirilməsi ideyasını dəstəkləməyib. Putin Avropadan mümkün vasitəçi kimi gözlənilmədən Almaniyanın keçmiş kansleri Gerhard Şröderin adını çəkib. Bu isə Avropa İttifaqı və Ukraynada kəskin reaksiya doğurub.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Moskvanın Avropanın nümayəndəsini seçməsinə imkan vermək "ağılsızlıq" olardı. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da bu ideyanı tənqid edib.

FT-nin məlumatına görə, Rusiya hərbi rəhbərliyi Putini ordunun artıq payıza qədər Donbas üzərində tam nəzarət qura biləcəyinə inandırır. Mənbələrin sözlərinə görə, bundan sonra Kreml mümkün atəşkəsin qiymətini artırmağa çalışacaq.

Eyni zamanda nəşrin həmsöhbətləri qeyd edirlər ki, Rusiyanın cəbhədə real sıçrayış etməsi hələlik az ehtimal olunur. İrəliləyiş tempi yavaş olaraq qalır, Ukrayna isə Rusiya logistikasına, anbarlarına və arxa cəbhədəki hərbi infrastruktura zərbələr endirməyə davam edir.

FT-yə danışan bəzi mənbələr iddia edirlər ki, Kremlin uzunmüddətli məqsədləri Donbasdan daha uzağa gedə bilər. Bu planlara Ukraynanın cənubunda, o cümlədən Odessa istiqamətində nəzarətin gücləndirilməsi və Kiyevə təzyiqlərin davam etdirilməsi daxil ola bilər.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr