AZ

KİV: Cəbhədəki uğursuzluqlar və iqtisadi tənəzzül Putini paranoyak adama çevirir

Ukrayna cəbhəsindəki uğursuzluqlar və Rusiya iqtisadiyyatında artan problemlər fonunda Kremlin daxilində atmosfer getdikcə daha paranoyak xarakter alır...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph yazır.

Nəşrin məlumatına görə, mövcud göstəricilər bir neçə il davam edən hücum əməliyyatları və ağır itkilərdən sonra Rusiyanın hərbi maşınının ciddi şəkildə zəiflədiyini göstərir.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına əsasən, aprel ayında Rusiya ordusu ilk dəfə olaraq 2024-cü ilin avqustunda Ukraynanın Kursk vilayətində başladığı əməliyyatdan bəri işğal etdiyindən daha çox ərazi itirib. Ümumilikdə isə son altı ay ərzində Rusiya qüvvələri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli az ərazi ələ keçirə bilib.

The Telegraph qeyd edir ki, hazırkı hücum tempi qorunarsa, Kremlin hər hansı sülh sazişi üçün əsas şərt hesab etdiyi Donbasın tam işğalı Rusiyadan onilliklər tələb edə bilər. Analitiklərin fikrincə, yaxın perspektivdə vəziyyətin köklü şəkildə dəyişməsi gözlənilmir. Çünki havada pilotsuz uçuş aparatlarının üstünlüyü Rusiyanın say üstünlüyündən tam istifadə etməsinə və cəbhədə strateji yarılma həyata keçirməsinə imkan vermir.

Məqalədə bildirilir ki, Rusiya ordusu cəbhədə logistika və rabitə problemləri ilə üzləşir, itkilər isə artıq astronomik həddə çatıb. Müstəqil rus jurnalistlərinin hesablamalarına görə, Rusiya yalnız həlak olanlar üzrə 350 mindən çox hərbçi itirib. Yeni müqaviləli hərbçilərin cəlb olunma tempi isə artıq bu itkiləri kompensasiya etmir.

Bütün bunların fonunda Rusiya iqtisadiyyatında da problemlər dərinləşir. The Telegraph yazır ki, 2026-cı ilin birinci rübündə neft və qaz gəlirlərinin azalması və biznes aktivliyinin zəifləməsi səbəbindən Rusiya iqtisadiyyatı 0,3 faiz kiçilib.

Nəşr qeyd edir ki, hərbi və iqtisadi çətinliklər fonunda Kremldə atmosfer getdikcə daha paranoyak olur. Jurnalistlər Avropa ölkələrindən birinin kəşfiyyat hesabatına istinad edərək bildirirlər ki, Putin vaxtının böyük hissəsini bunkerlərdə keçirir, internetə çıxışı olan cihazlardan istifadə etməkdən yayınır və demək olar ki, bütün diqqətini gündəlik hərbi müşavirələrə yönəldib.

Buna baxmayaraq, Ukrayna hərbçiləri Rusiyanın yaxın zamanda çökəcəyini düşünməyin tez olduğunu bildirirlər. Ukrayna Silahlı Qüvvələrinin komandirləri hesab edirlər ki, hava şəraitinin quru keçməsi ilə Moskva yeni hücum əməliyyatlarına hazırlaşa bilər.

Lakin nəşrin yekun qənaətinə görə, Putinin illərdir dünyaya təqdim etməyə çalışdığı dayandırılması mümkün olmayan Rusiya gücü və tükənməz insan resursları obrazı tədricən dağılmağa başlayır.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr