AZ

Slovakiya gözlənilmədən Ukraynaya daha çox sursat göndərəcəyini açıqlayıb

Slovakiya Ukraynaya "milyonlarla" sursat göndərir və gələcəkdə bu həcmlər daha da artacaq. Bu barədə ölkə prezidenti Peter Pelleqrini "Buxarest doqquzluğu" nümayəndələrinin görüşündən sonra danışıb...

Poliqon xəbər verir ki, məlumatı "Teraz" portalı yayıb.

Onun sözlərinə görə, Slovakiya silah istehsalına aktiv şəkildə investisiya yatırır və hazırda hərbi-sənaye kompleksi ölkənin ÜDM-nin təxminən 3 faizini formalaşdırır. Pelleqrini qeyd edib ki, bunun nəticəsində Slovakiya NATO çərçivəsində əsas sursat istehsalçılarından birinə çevrilib.

Prezident bildirib ki, ölkə kommersiya əsaslarında Ukraynaya milyonlarla sursat tədarük edir və bu rəqəm gələcəkdə artmağa davam edəcək. O, həmçinin Ukraynanı müasir müharibə ilə bağlı ən geniş biliklərə malik ölkə adlandırıb. Pelleqrinin fikrincə, Kiyev öz texnologiyalarını və təcrübəsini qonşu ölkələrlə, o cümlədən Slovakiya ilə paylaşa bilər.

Bundan başqa, Pelleqrini NATO-nun vahid olaraq qaldığını və qalacağını bildirib. O qeyd edib ki, üzv ölkələrlə ABŞ arasında müəyyən gərginliklər olsa da, alyansın birliyi qorunur.

"Əlbəttə, NATO daxilində ayrıca struktur yaratmadan Avropa sütununun gücləndirilməsinə ehtiyac var. Müdafiə məsuliyyətini artırmalı və özümüzü qoruma imkanlarımızı NATO çərçivəsində gücləndirməliyik. Bu isə təbii olaraq müdafiə xərclərinin artırılması zərurəti ilə bağlıdır", deyə o vurğulayıb.

Bundan əvvəl Slovakiya hakimiyyəti Ukraynaya hərbi dəstəkdən imtina etdiyini təsdiqləmişdi. Pelleqrini vurğulamışdı ki, Bratislava Ukraynaya hərbi yardım göstərməyəcək və öz hərbçilərini göndərməyəcək. Bundan əlavə, Slovakiya prezidenti ölkəsinin Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit zəmanətlərində iştirak etməyəcəyini bildirmişdi.

Pelleqrini həmçinin əvvəlki hökumətin "MiG-29" qırıcılarını Ukraynaya verməsini səhv qərar adlandırmışdı. O xatırladıb ki, baş nazir olduğu dövrdə Slovakiyaya məxsus "MiG-29" təyyarələrinin yeni ABŞ istehsalı olan "F-16" qırıcıları ilə əvəzlənənədək saxlanılması barədə göstəriş vermişdi. Prezident əvvəlki hökumət koalisiyasının "MiG-29" təyyarələrinin sadəcə metal tullantısı olması ilə bağlı fikri ilə razılaşmadığını da qeyd edib.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr