Çexiyada kimliyi məlum olmayan şəxs Müqəddəs Lavrenti və Müqəddəs Zdislava bazilikasına daxil olaraq, müqəddəsə aid təxminən 800 illik kəllə sümüyünü oğurlayıb.
Bu barədə "The Independent" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Praqadan təxminən 110 kilometr şimalda yerləşən Yablonne-v-Podyeştedi şəhərində, günorta saatlarında - məbədin ziyarətçilər üçün açıq olduğu vaxt qeydə alınıb. Hüquq-mühafizə orqanlarının yaydığı təhlükəsizlik kamerası görüntülərində qara paltarlı kişinin şüşə qutudan Müqəddəs Zdislavanın kəllə sümüyünü götürərək bağrına sıxdığı və oturacaqların arası ilə qaçdığı görünür. Məlumata görə, tarixi relikviya xüsusi şüşə arxasında saxlanılırdı.
Lemberkli Müqəddəs Zdislava (1220-1252) yoxsullara etdiyi yardımlara və səxavətinə görə ehtiramla anılır. O, 1995-ci ildə Roma Papası II İohann Pavel tərəfindən rəsmən müqəddəs elan edilib. Praqa arxiyepiskopu Stanislav Pşibıl baş verənləri "dəhşətli xəbər" adlandırıb:
"Kəllə sümüyü zəvvarlar tərəfindən ziyarət edilirdi. Kiminsə günün günorta vaxtı həm tarixçilər, həm də dindarlar üçün əhəmiyyətli olan belə bir relikviyanı kilsədən oğurlaya biləcəyinə inana bilmirəm".
Hazırda Çexiya polisi cinayətkarın axtarışlarını davam etdirir. /Oxu.az/