AZ

Ətin günü gündən bahalaşmasının səbəbi bilindi AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda ətin bahalaşması son illərdə həm iqtisadi, həm də kənd təsərrüfatı amillərinin birgə təsiri ilə formalaşan mürəkkəb proses kimi qiymətləndirilir. Bazarda qiymət artımları yalnız istehlak tələbinin yüksəlməsi ilə deyil, eyni zamanda istehsal zəncirindəki struktur problemlərlə də bağlıdır. Yem xərclərinin artması, idxaldan asılılıq və yerli heyvandarlıq təsərrüfatlarının zəifləməsi bu prosesə birbaşa təsir göstərən əsas faktorlar sırasındadır. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, azərbaycanlılar qırmızı ət, yəni mal və qoyun ətini yeməkdə ümumdünya göstəricisindən təxminən 40–50 faiz geri qalır, buna baxmayaraq ətə tələbat daim mövcuddur və bu, yüksələn xətt üzrə inkişaf edir:"Tələbatın artdığı, eləcə də restoran biznesinin sürətlə inkişaf etdiyi bir şəraitdə görürük ki, regionlarda və Bakıda restoranlarda yer tapmaq çətinləşir və ət yeməklərinə tələbat artır. Bu qədər böyük tələbatın yaranması, xüsusilə restoran biznesinin genişlənməsi, ətin qıtlığına və qiymətlərin bahalaşmasına ciddi təsir göstərir. Bu fonda ət istehsalı və fermer təsərrüfatları zəif inkişaf edir. Fərdi təsərrüfatlarda illərdir heyvanların sayı azalır, heyvandarlıqla məşğul olan insanların sayı da getdikcə azalır. Yem sürətlə bahalaşır, saxlama xərcləri artır, örüş sahələri isə müəyyən təzyiqlər altında pambıqçılığa çevrilir. Belə bir vəziyyətdə Azərbaycan bazarı xarici bazardan asılılığa doğru sürətlə gedir".Ekspert deyib ki, yaxşı haldır ki, bu şəraitdə yeni təşəbbüslər də ortaya çıxır:"Məsələn, "Araz" marketlər şəbəkəsinin birbaşa kəndli təsərrüfatları ilə əməkdaşlığa başlaması əhəmiyyətli addımdır. Əgər digər marketlər də bu cür birbaşa əlaqələr qurarsa, bu, heyvandarlığın inkişafına mühüm töhfə verə bilər.Beləliklə, kəndli heyvanı bazara aparmaq və alıcı axtarmaq üçün vaxt itirmir, eyni zamanda “aralıq alverçilər” də sıradan çıxır. Bu, müsbət təşəbbüsdür və onun genişləndirilməsi məqsədəuyğundur. Digər marketlər şəbəkələrinin də bu prosesə qoşulması faydalı olar. Ətə tələbat daim artır. Lakin təəssüf ki, heyvandarlığın inkişafına bəzən dövlət qurumları tərəfindən primitiv yanaşmalar da müşahidə olunur. Məsələn, “quzuları kəsməyin, onların əti yaxşı deyil” kimi fikirlər səsləndirilir. Halbuki quzu ətinə tarixən hər zaman tələbat olub. Heyvandarlığın inkişaf yolu quzunu kəsməməkdən deyil, müasir yanaşmaların tətbiqindən və iri, yəni meqa-fermaların yaradılmasından keçir. Mən düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Kəlbəcər zonasında meqa-fermalar yaradılarsa, yaxın səkkiz il ərzində Azərbaycan özünü ətlə təmin edə bilər. Lakin bu istiqamətdə hələ ciddi irəliləyiş görünmür. Xüsusilə Kəlbəcərdən olan baytar və zootexnik mütəxəssislər bildirirlər ki, onlar həmin bölgədə çalışa biləcək təcrübəyə malikdirlər, lakin onlara müraciət olunmur və prosesə cəlb edilmirlər. Onların bir çoxu Rusiyada təhsil almış mütəxəssislərdir. Hesab edirəm ki, bu insan resursundan səmərəli istifadə olunmalıdır ki, heyvandarlıq inkişaf etsin və əhalinin qırmızı ətə olan tələbatı daha dolğun şəkildə ödənilsin", - deyə o bildirib.Qısası, ölkədə ətin qiymətinin artmasına səbəb yem xərclərinin çoxalması, heyvandarlıqla məşğul olanların azalması və restoranların ətə olan böyük tələbatıdır. Ekspert hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün kəndli ilə marketlər birbaşa işləməli və azad edilmiş torpaqlarda böyük heyvandarlıq kompleksləri qurulmalıdır.Əfsanə Kamal

Demomrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr