AZ

Nəzakət Məmmədova: “Təkcə həmin insanın özü şəhid olmur, onunla yanaşı ailəsi də şəhid olur”



Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası "Baku Book Center" - Bakı Kitab Mərkəzində "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi "Şəhidlik and yeridir..." kitabının təqdimat mərasimini keçirdi. Respublika Xatirə Kitabı Redaksiyasının baş redakoru Nəzakət Məmmədovanın müəllifi olduğu "Şəhidlik and yeridir..." kitabı şəhid baş leytenat, Azərbaycan Bayrağı Ordenli Vüsal Sübbuh oğlu Babayevin qəhrəmanlıq dolu ömür və döyüş yoluna həsr olunub.

Hər şəhid bir qəhrəmandır, o qəhrəmanların sırasında cəsur komandir, əsgərlərinə böyük qardaş qayğısı göstərən Vüsal Babayev də var.

Təqdimatda əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edildi, sonra isə dövlət himni səsləndi.

Tədbiri tanınmış aparıcı Jalə Həsənli açaraq ilk sözü Bakı Kitab Mərkəzin rəhbəri, yazıçı Günel Anarqızına verdi. G.Anarqızı çıxışında qeyd etdi ki, Vüsal və digər qəhrəmanlarımız həyatlarını Vətən yolunda fəda ediblər və onlar heç zaman unudulmayacaqlar.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının və xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər görür. "Nəzakət Məmmədova və onun rəhbərlik etdiyi redaksiya doğrudan da böyük əzmlə çalışırlar. Son illərdə çoxlu sayda kitablar çap edib, filmlər çəkiblər. Bunların hamısı təqdim olunub. Vüsal Babayevə həsr olunmuş kitab çox təsirli kitabdır. Kitabı diqqətlə oxudum. Hesab edirəm ki, bu kitab gələcəkdə onu qızlarına xatırladacaq. Çox dəyərli bir yaddaş kitabıdır".

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan xalqı Vətən müharibəsində böyük zəfər qazanıb və bu zəfəri bizə yaşadan oğulların təbliğatında mühüm rol oynayır: "Qələbəmizin tarixə həkk olunması, gənc nəslin bu ruhda böyüməsi üçün bu kitabların əhəmiyyəti misilsizdir. Qələbədən bir neçə il keçib, şəhidlər haqda kitablar yazılır, biz tədbirlərdə iştirak edirik. Bu o deməkdir ki, Azərbaycan xalqı onları unutmur. Onların maddi dəstəyə ehtiyacları yoxdur, dövlətimiz onlara dəstək verir. Şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var. Bu kitab da o şəhidin ailəsinə böyük mənəvi dəstək və təsələllidir. Şəhidlərinin xatirlərinin kitablarda əbədiləşdirilməsi çox mühümdür".

Xalq şairi Vahid Əziz isə çıxışında "Mənim yaram ağrıyır, sənin haran ağrıyır" el misalını dilə gətirdi və bildirdi ki, bu gün yarası ağrıyan şəhidin atası Sübbuh Babayev, anası Əntiqə xanım, şəhidin həyat yoldaşı Aynur xanım, qızları Selcan və Rüqəyyadır.

Millət vəkili Aydın Mirzəzadə də bildirdi ki, Vüsal kimi oğullar öz həyatlarını Vətənə qurban veriblər. "Vüsal kimi oğulların canı, qanı bahasına bu gün ərazi bütövlüyümüz təmin olunub".

Pirallahı rayon icra başçısının müavini Vəzir Səfixanov çıxışında qeyd etdi ki, tqdim olunan kitabla tanış olub: "Kitabda çox dəyərli xatirələr əks olunub. Vüsalın döyüş və sinif yoldaşlarının, məhəllə insanlarının, qonşularının, ailəsinin dəyərli fikirləri yer alıb".

Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı publisist Zenfira Məhərrəmli bildirdi ki, şəhidlik hər kəsə nəsib olmur: "Hər bir kəs şəhid olmaz. Bəlkə elə ən yaxşılar şəhid olurlar. Bu tədbir bizə xüsusi anlar yaşatdı. Şəhidlərimiz heç vaxt unudulmayacaq. Onlar haqqında biz yazmalıyıq. Nə qədər yazsaq yenə də azdır.

Kitab bədii-publisistika janrında yazılıb. Çox oxunaqlı, səlis, təmiz dili, gözəl üslub var. Kitabın özü doğrudan çox maraqla tərtib olunub. Ona görə mən Nəzakət xanıma təşəkkürümü bildirirəm. Kitabda Nəzakət xanımın illər boyu şəhidlik mövzusunda, vətən mövzusunda, yurd sevgisi mövzusunda yazdığı neçə-neçə şeiri yer alır…"

Şair-publisit Rəfail Tağızadə "Şəhidlər haqda danışmaq nə qədər qürurverici olsa da, bir o qədər də çətindir. Şəhidlər bizi məğlub vətəndaş adından xilas etdi"-deyə bildirdi.

Tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova bildirdi ki, şəhid baş leytenant Vüsal Babayevin ömrü qısa oldu, yaşamasına əcəl macal vermədi, qızğın döyüşlərdən birində döyüşçü yoldaşını xilas edərkən şəhidlik zirvəsinə ucaldı. "Xatirə Kitabı Redaksiyası çox böyük işlər görüb, kitablar çap edib. Bütün bu işləri görən Nəzakət xanımdır. Bütün şəhid ailərini də bir nəfər kimi o tanıyır. Bütün itkin düşənləri axtaran Nəzakət xanımın redaksiyasıdır. Nəzakət xanımın əməyini qiymətləndirən tərəzini kəşf etmək çətindir. Onun əməyi ölçüyəgəlməzdir. Biz bu redaksiyanın ərsəyə gətirdiyi kitablardan çox istifadə edirik"-deyə L.Məmmədova qeyd etdi. Kitabın müəllifi, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədova çıxşında arzusunu dilə gətirdi: "İnanın, hər dəfə ürəyimdən bu arzu keçir ki, kaş sonuncu şəhidin adını əbədiləşdirək, bununla da Xatirə Kitabı öz müqəddəs missiyasını bitirmiş olsun. Bu kitab Xatirə Kitabından əlavə bir layihədir. Biz bu layihəni "Bakı-Xəbər" qəzeti ilə birgə həyata keçiririk. Məqsədimiz odur ki, heç kim unudulmasın, heç kim yaddan çıxmasın. Respublika Xatirə Kitabı bütün şəhərlərimizin adlarını əbədiləşdirdiyimiz bir kitabdır. İndi Birinci Qarabağ savaşında həlak olanların on cildliyini işləməyə başlamışıq. Allah bu işdə də bizə güc, qüdrət versin. Mən burada əməkdaşlarımızın əməyini, bu kitabların müəlliflərinin zəhmətini qeyd etmək istəyirəm.

Mən hər şəhid anası, hər şəhid yoldaşı ilə görüşəndə deyirəm ki, təkcə həmin insanın özü şəhid olmur, onunla yanaşı ailəsi də şəhid olur. Onlar sonrakı ömürlərini rahat bir sıradan ömür kimi yaşaya bilmirlər, bu mümkün deyil. Tam bir başqa bir ömrüdür. Vüsal haqqında kitab yazmağı məndən həyat yoldaşı xahiş etdi. Çox istədi ki, bu kitabə mən yazım. Kitab yazıldı, indi də sizə təqdim olunur".

Tədbirin təşkilatçısı, jurnalist Fuad Mədətov: "Deyirik ki, şəhidlər ölməz, vətən bölünməz. Bax, o sözlər bu şəhidlərin sayəsində ərsəyə gəlib. Ona görə düşünürəm ki, Vüsalın ruhu buradadır, bizimlədir" .

Şəhidin həyat yoldaşı Aynur Babayeva kitabın ərsəyə gəlməsindən danışdı: "Bu gün bizim üçün Vüsal haqqında danışmaq çox çətindir. Çünki ayrılıq ağırdır. Amma biz onunla fəxr edirik. Çünki Vüsal təkcə bizim ailənin oğlu yox, Vətən oğlu idi. Vüsal ailəyə çox bağlı idi. Amma vətənini, torpağını daha çox sevirdi. Çünki o bir zabit idi və əsgərlərini tək qoya bilməzdi. Selcan dünyaya gələndə Vüsal mənə dedi ki, mən elə bi rata, elə bir həyat yoldaşı olacağam ki, siz mənimlə fəxr edəcəksiniz. Doğrudan da bugün biz Vüsala fəxr edirik. Mən Vüsalın xatirəsini yaşatmaq üçün əlimdən gələni edirəm. Ən böyük arzum onun haqqında kitab yazdırmaq idi. Çox fikirləşdim kim yazsın. Kitabxanda olanda bizim kitabxanaya Nəzakət xanım gəldi və onun nəcibliyini, xanım xatınlığını gördüm. Onunla tanış olanda bildim o, üç zabit anasıdır və fikirləşdim ki, Vüsal haqqında ən yaxşı kitabı zabitin anası yaza bilər. Ona görə mən Nəzakət xanıma yaxınlaşdım və ondan xahiş etdim ki, kitabı yazsın".

Tədbirdə Vüsal Babayevin əsgər Tural Allahverdiyev də danışdı. O, Vüsal Babayevicəsur komandir, əsgərini qoruyan, bir tikə çörəyini onlarla bölüşən bir şəxs kimi xatırladı: "Vüsal Babayev bir tikə çörəyini, bir ovuc suyunu əsgərləri ilə bölüşürdü…O, həmişə irəlidə olub. Əsgərlərini qoruyub".

Yaddaşlarda igid, cəsur bir komandir kimi qalan Vüsal Babayevin xatirəsinə həsr olunan bu kitab doğrudan da bir yaddaş kitabıdır…

İradə SARIYEVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr