Rusiya XİN başçısı ABŞ-nin Moskvaya qarşı sanksiya və iqtisadi təzyiq kursunu dəyişmədiyini deyib...
Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-də prezident Donald Trump administrasiyasının faktiki olaraq əvvəlki prezident Joe Bayden dövründə formalaşmış anti-Rusiya siyasətini davam etdirdiyini bəyan edib.
RT India telekanalına müsahibəsində bu barədə danışan Lavrov bildirib ki, Vaşinqton müxtəlif sahələrdə, xüsusilə texnologiya, enerji və digər istiqamətlər üzrə “qarşılıqlı faydalı” layihələrin perspektivlərindən danışsa da, bu bəyanatların ardınca real və praktiki addımlar gəlmir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Bayden administrasiyası dövründə Rusiyaya qarşı tətbiq edilmiş bütün sanksiyalar hazırda qüvvədə qalır. Lavrov vurğulayıb ki, Tramp administrasiyası yalnız əvvəlki məhdudiyyətləri saxlamaqla kifayətlənmir, eyni zamanda Moskvaya qarşı yeni iqtisadi təzyiq mexanizmləri də tətbiq edir.
Nazir hesab edir ki, ABŞ tərəfinin ritorikasında münasibətlərin normallaşdırılması və əməkdaşlıq imkanlarından bəhs edilsə də, praktiki siyasətdə Vaşinqtonun Rusiyaya münasibətində ciddi dəyişiklik müşahidə olunmur. Onun fikrincə, bu vəziyyət iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini də mürəkkəbləşdirir.
Lavrov əlavə edib ki, Moskva ABŞ ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. Bununla belə, Rusiya tərəfi Vaşinqtonun konkret addımlar atmadan yalnız siyasi bəyanatlarla kifayətləndiyini düşünür.
Poliqon.info