Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspress marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən,
Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Ulduz” stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, “8-ci kilometr” bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.