Rusiya kommunistlərinin lideri Ermənistan hakimiyyətini Zelenskiyə tribuna verməkdə ittiham edib...
Poliqon xəbər verir ki, Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Dövlət Dumasının plenar iclasında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan barədə sərt bəyanatlar səsləndirib. O, Ermənistan rəhbərliyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış imkanı yaratdığına görə tənqid edib.
Zyuqanov bildirib ki, İrəvandan “Qırmızı Meydanı atəşə tutmaq təhdidlərinin” səslənməsi onu ciddi şəkildə hiddətləndirib. Onun sözlərinə görə, belə bəyanatların Ermənistan paytaxtında səsləndirilməsi qəbuledilməzdir.
“İrəvandan Qırmızı Meydanı atəşə tutmaqla bağlı səslərin gələcəyini təsəvvür belə edə bilməzdim”, deyə rusiyalı siyasətçi vurğulayıb.
Kommunist Partiyasının lideri çıxışında Ermənistan hakimiyyətinin mövqeyini də sərt şəkildə tənqid edib. O, rəsmi İrəvanın Zelenskiyə platforma təqdim etməsini sual altına alaraq, Paşinyanın Moskvada qəbul edilməsinə etiraz etdiyini bildirib.
“Belə bir sual yaranır: niyə onlar buna İrəvanda imkan verirlər və niyə Paşinyanı Moskvada qəbul edirlər? Mən israr edirəm ki, bu şəxs, ona necə səs vermələrindən asılı olmayaraq, bir daha paytaxtımızda görünməsin”, deyə Zyuqanov qeyd edib.
Bəyanat Rusiya-Ermənistan münasibətlərində son aylarda müşahidə olunan gərgin fonunda diqqət çəkib. Moskva ilə İrəvan arasında təhlükəsizlik, regional siyasət və Qərblə əməkdaşlıq məsələlərində fikir ayrılıqları son dövrlərdə daha da dərinləşib.
Poliqon.info