AZ

CNN: İranla münaqişə ABŞ-yə 1 trilyon dollara başa gələ bilər...

Müharibənin iqtisadi nəticələrinin uzunmüddətli olacağı bildirilir...

ABŞ-nin İranla mümkün genişmiqyaslı qarşıdurmasının Vaşinqtona ümumilikdə 1 trilyon dollara qədər zərər vura biləcəyi bildirilib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, potensial xərclərin əsas hissəsini ABŞ ordusunun istifadə etdiyi yüksək dəqiqlikli silahların, raketlərin və digər döyüş sursatlarının ehtiyatlarının yenidən formalaşdırılması təşkil edir. Bildirilir ki, Vaşinqtonun bu ehtiyatları əvvəlki səviyyəyə qaytarması üçün illərlə vaxt tələb oluna bilər.

Hesabatda vurğulanıb ki, münaqişənin təsirləri yalnız hərbi sahə ilə məhdudlaşmır. İran ətrafında gərginliyin artması artıq qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olub. Xüsusilə neft və yanacaq qiymətlərində müşahidə olunan artımın ABŞ daxilində inflyasiya təzyiqlərini gücləndirdiyi qeyd edilir.

CNN-in məlumatına əsasən, bahalaşma nəqliyyat, logistika və istehlak məhsulları sektoruna da təsir göstərib. Bu isə Amerika vətəndaşlarının gündəlik xərclərinin artmasına gətirib çıxarır. Ekspertlər hesab edir ki, uzunmüddətli hərbi qarşıdurma dünya iqtisadiyyatında yeni böhran risklərini də artırır.

Analitiklər bildirirlər ki, ABŞ-nin Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunması həm federal büdcəyə əlavə yük yaradacaq, həm də ölkənin daxili iqtisadi prioritetlərinə mənfi təsir göstərəcək. Bununla yanaşı, beynəlxalq ticarət marşrutlarında mümkün təhlükələr və enerji təchizatında yaranacaq fasilələr qlobal bazarlarda əlavə təlatümlərə səbəb ola bilər.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr