Taybey və Hind-Sakit okean regionundakı tərəfdaşlar Vaşinqtonun Pekinə güzəşt edə biləcəyindən ehtiyatlanır...
ABŞ Prezidenti Donald Trumpın Tayvana silah satışı məsələsini Çin lideri Si Tsinpin ilə müzakirə etmək planı ABŞ-ın Asiya-Sakit okean regionundakı müttəfiqləri arasında ciddi narahatlıq yaradıb.
Poliqon xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın bu məsələ ilə bağlı açıqlamaları Vaşinqtonun uzun illərdir davam etdirdiyi ənənəvi siyasətdən kənar addım kimi qiymətləndirilir. İndiyədək ABŞ administrasiyaları Tayvana silah ixracı məsələsində Pekinlə formal məsləhətləşmələrdən yayınmağa çalışırdı.
Nəşrin məlumatına əsasən, xüsusilə Tayvan rəhbərliyi və ABŞ-ın Hind-Sakit okean regionundakı müttəfiqləri Vaşinqtonun Çin qarşısında mümkün güzəştlərindən narahatdır. Mənbələr bildiriblər ki, region ölkələri Tramp administrasiyasının Pekinin tələblərini qismən qəbul edə biləcəyindən ehtiyat edir.
Qeyd olunur ki, Tayvan məsələsi ABŞ–Çin münasibətlərində ən həssas və strateji mövzulardan biri olaraq qalır. Pekin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və adaya xarici silah satışlarına kəskin etiraz edir.
Ekspertlərin fikrincə, Trampın mümkün kompromis siqnalları regiondakı təhlükəsizlik balansına təsir göstərə və ABŞ-ın Asiya müttəfiqləri arasında etimad məsələlərini gündəmə gətirə bilər.
Poliqon.info