AZ

İran Hörmüz boğazının idarə olunması ilə bağlı planı parlamentə təqdim edib

Tehran strateji dəniz marşrutundan geosiyasi təzyiq və güc aləti kimi istifadə etməyə hazırlaşdığını bildirir...

İran parlamentində Hörmüz boğazının idarə olunmasına dair yeni plan müzakirəyə çıxarılıb.

Poliqon xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ebrahim Azizi açıqlama verib. Onun sözlərinə görə, “Hörmüz boğazının idarə olunması planı” komissiyanın yekun rəyini alıb və baxılması, həmçinin təsdiqlənməsi üçün parlament sisteminə daxil edilib.

Azizi sənədin detalları barədə geniş məlumat verməsə də, İranın bu strateji su yolundan ölkənin geosiyasi və iqtisadi gücünü artırmaq məqsədilə istifadə etməyi planlaşdırdığını bildirib.

Komitə sədrinin sözlərinə görə, İran Hörmüz boğazını “təzyiq və təsir aləti” kimi qiymətləndirir və regiondakı coğrafi üstünlüklərindən maksimum istifadə etməyi nəzərdə tutur.

Analitiklər hesab edirlər ki, bu açıqlama regionda artan gərginlik, xüsusilə ABŞ və Qərb ölkələri ilə münasibətlərin kəskinləşməsi fonunda Tehranın strateji mesajı kimi qiymətləndirilə bilər. Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas marşrutlardan biri hesab olunur və burada mümkün məhdudiyyətlər qlobal enerji bazarına ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr