AZ

Gələcəkdə hansı peşələr YOX OLACAQ?

Texnologiyanın inkişafı artıq bir sıra peşələrin sıradan çıxmasına səbəb olub. Bu proses həm fəhlə peşələrini, həm ixtisas tələb edən sahələri, həm də yüksək təhsil tələb edən peşələri əhatə edir.

Day.Az-a açıqlamasında "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov gələcəkdə olmayacaq peşələr ilə bağlı fikirlərini səsləndirərkən deyib ki,  bu gün Avropada bir çox hipermarket və supermarketlərdə kassaların böyük hissəsi avtomatlaşdırılıb.

O, bildirib ki, yalnız yaşlı nəslin istifadəsi üçün bir neçə ənənəvi kassa saxlanılır və yaxın gələcəkdə onların da tamamilə aradan qalxacağı gözlənilir.

"Süni intellektin inkişafı təbii olaraq müəyyən peşələrin yox olmasına gətirib çıxaracaq. Hazırda elə bir sahə yoxdur ki, süni intellekt ona təsir etməsin. Bank və maliyyə sektorundan başlayaraq sənaye, nəqliyyat və digər sahələrə qədər bütün istiqamətlər bu dəyişikliklərdən payını alacaq. Məsələn, müasir dəzgahlarda tornaçı və ya çilingər funksiyalarını artıq məsafədən operatorlar idarə edir. Nəqliyyat vasitələrinin, xüsusilə qatarların idarə olunmasında da süni intellektdən geniş istifadə edilir və bir operator eyni anda yüzlərlə nəqliyyat vasitəsini nəzarətdə saxlaya bilir.

Bununla yanaşı, müəyyən risklərlə bərabər yeni imkanlar da yaranır. Yeni peşələr və fəaliyyət sahələri formalaşır. Kim bu yeni şəraitə və texnoloji dəyişikliklərə uyğunlaşa biləcəksə, əmək bazarında öz yerini qoruyacaq və möhkəmləndirəcək. Uyğunlaşa bilməyənlər isə tədricən sıradan çıxacaq. Təhsil sahəsində də ciddi dəyişikliklər gözlənilir. Əvvəllər bir müəllim yalnız 30-40 nəfərlik auditoriyada dərs deyirdisə, indi Zoom və digər müasir platformalar vasitəsilə minlərlə insana eyni anda mühazirə oxumaq mümkündür," - o deyib.

S.Məmmədov qeyd edib ki, bu sahədə yaxın beş və ya on ildə hansı inqilabi dəyişikliklərin baş verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir:

"Hamı anlayır ki, dəyişikliklər artıq başlayıb və sürətlə davam edir, lakin onların miqyası və nəticələri hələ tam məlum deyil. Süni intellektin təhlükəli və riskli tərəfləri olsa da, proses geri dönməz xarakter alıb. Elm, texnika, sənaye, nəqliyyat, hüquq, incəsənət və ədəbiyyat da daxil olmaqla bütün sahələrdə radikal dəyişikliklər baş verəcək və bu da bir çox peşələrin zamanla sıradan çıxmasına səbəb olacaq", - o vurğulayıb.

Nəsimi Ələsgərli

Seçilən
32
day.az

1Mənbələr