BAKI, 13 may. TELEQRAF
Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıq, eləcə də 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanması Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün əlverişli zəmin yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Regional Tədqiqatlar İnstitutunun (IRS) Türkiyə-Azərbaycan Proqramı tərəfindən təşkil olunan onlayn seminardakı çıxışı zamanı bildirib.
F. Şəfiyev Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı mümkün ssenarilərə də toxunub:
“Əgər Baş nazir Paşinyan və onun partiyası qalib gələrsə, normallaşma prosesini irəlilədəcəyik. Bu normallaşma yalnız Azərbaycan və Ermənistanı deyil, həm də Ermənistan və Türkiyəni əhatə edəcək. TRIPP layihəsi ilə Azərbaycan və Ermənistan arasında Türkiyəyə qədər uzanan perspektivli nəqliyyat təşəbbüsümüz var və əslində burada Orta Dəhlizin yeni bir qolundan söhbət gedir. Hazırda Orta Dəhliz Qazaxıstan və Azərbaycan üzərindən Xəzər dənizini keçərək Gürcüstana, oradan isə Türkiyəyə uzanır. TRIPP layihəsi isə Türkiyə ilə daha qısa marşrutun formalaşmasına, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında strateji bağlantının təmin edilməsinə xidmət edə bilər”.
BMTM sədri çıxışında davam edən sülh prosesini pozmağa çalışan müəyyən qüvvələrin fəaliyyətinə də diqqət çəkib:
“Regional sülh üçün bütün şərtlər mövcuddur. Lakin təəssüf ki, bəzi pozucu qüvvələr var və onların fəaliyyətini qeyd etmək istərdim. Ermənistandakı seçkilər ərəfəsində bəzi üçüncü ölkələrin münaqişə gündəmini yenidən canlandırmağa yönəlmiş ritorikasının ortaya çıxdığını görürük. Rusiyadan da bu cür fikirlər səsləndirilib. Bəzi siyasətçilər Ermənistan və Azərbaycan arasında keçmiş mübahisəli məsələlərə toxunurlar.
Bu addımlar ədalətin təmin olunması məqsədi daşımır. Çünki ədalət artıq bərpa olunub. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Biz Ermənistanla birlikdə razılığa gəlmişik ki, irəliyə aparan yeganə yol dövlətlərin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipindən keçir.
Lakin təəssüf ki, sülh prosesinə mane olmağa çalışan qüvvələr yalnız Rusiyada deyil, Avropa İttifaqı institutlarında da mövcuddur. Son dövrlərdə Avropa Parlamenti, həmçinin Niderland və Belçikanın qanunverici orqanları erməni lobbi qruplarının təsiri ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul ediblər.
Fransa kimi bəzi ölkələr də (xüsusilə Fransanın xarici işlər nazirinin İrəvanda səsləndirdiyi bəyanatlarla) sülh və normallaşma prosesinə xidmət etməyən mövqe nümayiş etdiriblər”.
Fərid Şəfiyev əlavə edib ki, iyunda keçiriləcək seçkilərdə Ermənistan xalqı düzgün seçim etməlidir:
“Burada söhbət əslində Ermənistanın gələcəyindən gedir. Hazırda ölkə müəyyən mənada təcrid vəziyyətindədir və əsas məsələ onların bu vəziyyətdə qalmaq, yoxsa irəliyə doğru addım atmaq istəmələridir. Azərbaycan və Türkiyə geoiqtisadiyyat, nəqliyyat və enerji sahələrində mühüm layihələri uğurla inkişaf etdiriblər. Hazırda Xəzər dənizindən hasil olunan qaz Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropa bazarlarına nəql olunur və bu, Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.
Biz Ukraynadakı müharibənin, eləcə də İrandakı proseslərin gələcək təsirlərini də mütləq görəcəyik. Azərbaycan bütün bu məsələlərdə sülh və diplomatik həll tərəfdarı olaraq qalır. Bir daha aydın olur ki, Avrasiya məkanında qeyri-müəyyənlik hələ də davam edir. Türkiyə və Pakistan kimi əsas tərəfdaşlar regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayırlar və üçtərəfli əməkdaşlıq formatımız da bütövlükdə regionun təhlükəsizliyinə töhfə verir”.