AZ

Sabiq prezidentə qarşı ağır İTTİHAM

Boliviyada keçmiş prezident Evo Morales barəsində “ağırlaşdırılmış insan alveri” ittihamı ilə həbs qərarı çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, milli mətbuatın yaydığı məlumata görə, Moralesə qarşı irəli sürülən ağırlaşdırılmış insan alveri ittihamı üzrə işin ilk məhkəmə iclası Tarixa şəhərində başlayıb.

Morales və vəkillərinin məhkəmədə iştirak etməməsindən sonra məhkəmə keçmiş lideri “qaçaq” elan edib, onun barəsində həbs qərarı çıxarıb və ölkədən çıxışına qadağa qoyub.

Məhkəmə Moralesin iclasa qatılmamasını “ədalət mühakiməsinə tabe olmamaq” kimi qiymətləndirib və qəbul edilən qərarla polisə keçmiş prezidenti əlavə icazə olmadan görüldüyü yerdə saxlamaq səlahiyyəti verib.

Moralesin vəkilləri isə müvəkkillərinə rəsmi bildirişin prosedura uyğun təqdim edilmədiyini, buna görə də məhkəməyə qatılmadıqlarını açıqlayıblar.

İş üzrə prokuror Luis Qutyerres mətbuata açıqlamasında bildirib: “Təqsirləndirilən şəxslər şəxsən gələnə və ya dövlət gücü ilə məhkəməyə gətirilənə qədər məhkəmə prosesi dayandırılıb”.

Qutyerres Moralesin saxlanılmasının polisin məsuliyyətində olduğunu, prokurorluğun isə birbaşa həbs səlahiyyətinə malik olmadığını deyib.

Morales uzun müddətdir Koçabamba şəhərinə bağlı Çapare bölgəsində yaşayır. Onun siyasi dəstəyinin güclü olduğu bölgədə tərəfdarlarının təhlükəsizlik qüvvələrinin əraziyə daxil olmasını çətinləşdirdiyi bildirilir.

Prokurorluq Moralesi insan alveri ittihamı ilə yanaşı, 2016-cı ildə yetkinlik yaşına çatmayan qıza qarşı istismar və həmin münasibətdən uşaq sahibi olmaqda günahlandırır.

Həmçinin qızın ailəsinin də bu münasibətdən fayda əldə etmək məqsədilə qızlarını Moralesə “təslim etdiyi” iddia olunur. Keçmiş prezident Morales haqqında 2006–2019-cu illərdəki prezidentlik dövrü ilə bağlı cinsi istismar ittihamı əsasında 17 dekabr 2024-cü ildə də həbs qərarı çıxarılmışdı.

Təhlükəsizlik qüvvələrinin Moralesi saxlamaq üçün həyata keçirdiyi əməliyyatlar ölkədə günlərlə davam edən şiddətli etirazlara səbəb olmuş, çox sayda Morales tərəfdarı saxlanılmışdı.

Seçilən
27
cebheinfo.az

1Mənbələr