Böyük Britaniyada baş nazir Kir Starmer ətrafında yaranmış siyasi böhran getdikcə dərinləşir və artıq hakim Leyborist Partiyasının daxilində açıq parçalanma görüntüsü yaranıb.
Musavat.com xəbər verir ki, “Politico” saytının məlumatına görə, Kral III Çarlz parlamentdə hökumətin yeni qanunvericilik proqramını elan etməyə hazırlaşsa da, artıq ilin sonuna qədər ölkəyə kimin rəhbərlik edəcəyini heç kəs dəqiq bilmir.
Məqalədə qeyd olunur ki, Starmer son beş gündə siyasi baxımdan demək olar mühasirəyə düşüb. Aralıq seçkilərində ağır məğlubiyyətdən sonra onun vəziyyəti daha da zəifləyib. 90-dan çox leyborist deputat baş nazirin istefasını tələb edib, dörd kiçik hökumət üzvü vəzifədən gedib, hətta daxili işlər naziri Şabana Mahmudun belə Starmerdən istefa tarixini açıqlamağı xahiş etdiyi bildirilir.

“Politico” yazır ki, buna baxmayaraq Starmer hələlik baş nazirin qərargahı yerləşən "Downing Street"də qalmağı bacarıb.
Məqaləyə görə, onun hələ devrilməməsinin iki əsas səbəbi var. Birincisi, Leyborist Partiyasının daxilində çoxsaylı qruplaşmalar mövcuddur və heç biri hələlik vahid namizəd ətrafında birləşə bilmir. İkinci səbəb isə kral faktorudur. Partiya daxilində bir çox siyasətçi kralın parlament çıxışı ərəfəsində hökumət böhranı yaratmağın monarxiyaya hörmətsizlik kimi görünəcəyindən ehtiyat edir.
Politico-ya danışan leyborist rəsmilərdən biri bunu “çərşənbə günü üçün müvəqqəti atəşkəs” adlandırıb:
Məqalədə qeyd olunur ki, Starmer tənqidçilərlə münasibətdə geri çəkilmək niyyətində deyil. O, kabinet iclasında rəhbərliyi ilə bağlı müzakirəyə imkan verməyib və potensial rəqiblərdən biri sayılan səhiyyə naziri ues Stritinqin şəxsi görüş istəyini də dərhal qəbul etməyib. Hazırda Leyborist Partiyasındakı əsas sual məhz Ues Stritinqin nə edəcəyi ilə bağlıdır. Çünki partiya daxilində bir çoxları hesab edir ki, əgər o yaxın vaxtlarda liderlik uğrunda mübarizəyə başlamasa, Starmer aylarla vəzifədə qala bilər.
Məqalədə Stritinqin tərəfdarlarının artıq onu hərəkətə keçməyə çağırdığı qeyd olunur. Hətta partiya daxilində onun tərəddüd etməsi ilə bağlı istehzalı ifadələr də işlədilir:
“Ues pivə butulkasından da çox qorxur”.
"Politico" yazır ki, digər mümkün namizəd – baş nazirin keçmiş müavini Angela Rayner isə hələlik gözləmə mövqeyindədir. Onun tərəfdarları Mançester meri Endi Bernhamın parlamentə qayıdışını gözləməyin daha doğru olduğunu düşünürlər.
Partiyanın sol qanadında artıq Bernhamın Raynerdən daha populyar fiqura çevrildiyi bildirilir. Lakin Bernhamın özü də bir sıra maneələrlə üzləşə bilər. O, əvvəlcə partiya rəhbərliyindən parlamentə namizəd olmaq üçün icazə almalı, daha sonra isə əlavə seçkilərdə sağçı Reform UK (ultrasağ Naycel Faracın partiyası) və ya Yaşıllar Partiyasının namizədini məğlub etməlidir. Politico qeyd edir ki, Bernhamın tərəfdarları artıq günlərdir xüsusi plan üzərində işləyirlər – hansısa leyborist deputat mandatdan imtina etməli və onun yerinə Bernham seçkiyə qatılmalıdır. Ancaq həmin deputatın kimliyi hələ açıqlanmayıb.
Beləliklə yazıda Leyborist Partiyasındakı vəziyyət “tam iflic” kimi təsvir olunur. Politico yazır ki, partiya daxilində müxtəlif qruplar artıq Starmerin getməsi ilə razılaşsalar da, onun yerinə kimin gələcəyi barədə ortaq mövqe yoxdur. Bəziləri Stritinqi dəstəkləyir, digərləri Rayneri, bir qrup isə Bernhamı görmək istəyir. Energetika naziri Ed Milibandın da Bernham düşərgəsinə yaxın olduğu barədə ehtimallar var. Hökumət daxilində isə daxili işlər naziri Şabana Mahmudla Ues Stritinq arasında gizli ittifaq yarandığı barədə şayiələr dolaşır.
Politico-ya danışan hökumət rəsmilərindən biri vəziyyəti belə təsvir edib:
“Hamı baş naziri devirmək istəyir, amma heç kim ortaq namizəd üzərində razılaşa bilmir”.
"Politico" ekspertlərini yazdığına görə, Dauninqg Strit (baş nazirin qərargahı-red.) hələlik məhz bu qarışıqlığa güvənir. Baş nazirin tərəfdarları hesab edir ki, partiya daxilindəki xaos Starmeri bir müddət də olsa vəzifədə saxlayacaq. Xarici işlər naziri David Lammi hətta açıq şəkildə bu sözləri sərf edib:“Heç kim Kir Starmerə qarşı çıxacaq kifayət qədər adı toplaya bilmir”.
Məqalədə İran ətrafındakı beynəlxalq gərginliyin də Starmer üçün müvəqqəti siyasi qalxana çevrildiyi vurğulanır. Hökumət hesab edir ki, xarici siyasət və təhlükəsizlik böhranı fonunda rəhbər dəyişikliyi riskli görünə bilər. Bununla belə, Politico yazır ki, hətta kabinet iclasında belə Stritinq hökumətin İran böhranına reaksiyası ilə bağlı eyhamlı tənqidlər səsləndirib. İclas iştirakçılarının sözlərinə görə, onun çıxışı zamanı otaqda “qəribə baxışmalar” yaranıb.
Məqalənin sonunda qeyd olunur ki, bütün bu proseslər artıq Leyborist deputatlarda ciddi emosional yorğunluq yaradıb.
Politico-ya danışan deputatlardan biri vəziyyəti Birinci Dünya Müharibəsinin ilk günləri ilə müqayisə edib:
“Hamı səngərdən çıxıb hücuma keçən əsgərlər kimi davranır. Çoxları sadəcə başını itirib”.
Başqa bir hökumət rəsmisi isə partiyadakı atmosferi “ailə davası” adlandırıb: “Hamı unudub ki, sonda yenə eyni partiyada qalmalı olacağıq”.
Musavat.com