Bakı, 13 may, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə beynəlxalq münasibətlər sistemində uzun illər hökm sürən ikili standartlara ciddi siyasi və hüquqi cavab olmaqla yanaşı, beynəlxalq hüququn yalnız real güc amili ilə təmin oluna biləcəyini də ortaya qoydu. İşğal altında olan torpaqlarımızın azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik modelinin və xalq birliyinin təntənəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.
O qeyd edib ki, Azərbaycan xalqı uzun illər beynəlxalq təşkilatların ədalətli mövqe nümayiş etdirəcəyinə ümid bəsləsə də, proseslər fərqli istiqamətdə inkişaf edib: “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası istiqamətində isə konkret nəticə əldə olunmadı. Bu hal beynəlxalq münasibətlər sistemində selektiv yanaşmanın və siyasi maraqların hüquqdan üstün tutulduğunu açıq şəkildə göstərirdi”.
Aqil Camalın sözlərinə görə, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan cəmiyyətində illər boyu ciddi məyusluq yaradıb: “Minsk qrupu formal olaraq vasitəçilik missiyasını həyata keçirsə də, faktiki olaraq münaqişənin dondurulmasına xidmət edən platformaya çevrilmişdi. İşğal faktı mövcud olduğu halda təcavüzkarla işğala məruz qalan tərəfə eyni məsafədən yanaşılması ədalətsiz mövqe idi. Bu yanaşma nə beynəlxalq hüququn ruhuna, nə də BMT qətnamələrinin mahiyyətinə uyğun gəlirdi”.
İctimai birlik sədri vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi prinsipial və düşünülmüş siyasət nəticəsində Azərbaycan həm diplomatik, həm informasiya, həm də hərbi müstəvidə mühüm üstünlük əldə etdi: “44 günlük Vətən müharibəsi yalnız döyüş meydanında deyil, siyasi və diplomatik platformalarda da Azərbaycanın üstünlüyünü nümayiş etdirdi. Dövlət başçısının qətiyyətli mövqeyi, beynəlxalq tribunalarda səsləndirdiyi arqumentlər və milli maraqlara əsaslanan siyasəti nəticəsində dünya Azərbaycan həqiqətlərini daha aydın gördü”.
O bildirib ki, Azərbaycan Ordusunun qazandığı Zəfər müasir hərb tarixində xüsusi yer tutur: “Azərbaycan Ordusu yüksək texnoloji imkanları, peşəkar hazırlığı və vətən sevgisi sayəsində qısa müddətdə mürəkkəb relyef şəraitində böyük uğur əldə etdi. Bu Qələbə göstərdi ki, güclü iqtisadiyyat, müasir ordu quruculuğu və milli birlik dövlətin əsas dayaqlarıdır”.
Aqil Camal qeyd edib ki, Azərbaycanın tarixi Qələbəsi regionda yeni geosiyasi reallıqlar formalaşdırıb: “Bu gün Cənubi Qafqazda yaranmış yeni siyasi və iqtisadi düzən məhz Azərbaycanın yaratdığı reallıqlara əsaslanır. Regionda kommunikasiya xətlərinin açılması, nəqliyyat layihələrinin genişlənməsi və iqtisadi inteqrasiya perspektivləri ölkəmizin təşəbbüsləri ilə gündəmdədir. Azərbaycan artıq regionun əsas siyasi və iqtisadi güc mərkəzi kimi çıxış edir”.
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin strateji baxışını nümayiş etdirir: “Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi dünyanın ən böyük bərpa layihələrindən biridir. Müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni hava limanlarının, yolların və enerji layihələrinin icrası Azərbaycanın bu əraziləri gələcəyin inkişaf məkanına çevirmək niyyətini ortaya qoyur”.
İctimai birlik sədri bildirib ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı milli ədalətin bərpasının ən mühüm göstəricilərindəndir: “İnsanların illərlə həsrətində olduqları yurdlarına geri dönməsi təkcə sosial proses deyil, həm də tarixi və mənəvi Zəfərdir. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etməklə dünyaya güclü dövlət modelini nümayiş etdirir”.
Aqil Camal hesab edir ki, ATƏT-in Minsk qrupunun artıq siyasi aktuallığını itirməsi tamamilə qanunauyğun prosesdir: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Minsk qrupunun mövcudluğu formal xarakter almağa başladı. Çünki artıq həll edilməmiş münaqişə yoxdur. Azərbaycan bu məsələni özü həll etdi və nəticəsiz vasitəçilik mexanizmlərinin iflasını bütün dünyaya göstərdi”.
Sonda o vurğulayıb ki, Azərbaycanın əldə etdiyi Zəfər gələcək nəsillər üçün mühüm dövlətçilik nümunəsidir: “Bu Qələbə sübut etdi ki, milli maraqlara söykənən siyasət, xalq-iqtidar birliyi və güclü ordu sayəsində ən mürəkkəb problemləri belə həll etmək mümkündür. Azərbaycan xalqı öz tarixi ilə qürur duyur və bu Zəfər dövlətimizin gələcək inkişafının əsas dayaqlarından biri kimi daim yaşayacaq”.
Müxbir - Vüqar Qurbanoğlu