Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası 13 may 2026-cı il tarixində saat 14:00-da "Baku Book Center" - Bakı Kitab Mərkəzində (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küç., 5) "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi "Şəhidlik and yeridir..." kitabının təqdimatını keçirir. Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olmuş Vüsal Sübbuh oğlu Babayevin həyat, döyüş yolu və qəhrəmanlığından bəhs edir. Kitabın müəllifi tanınmış şair-publisist Nəzakət Məmmədovadır. N.Məmmədova Vüsal Babayevin gəncliyə örnək davranışlarını, mənəvi keyfiyyətlərini, hamıya nümunə ola biləcək həyat tərzini kitabın əsas süjet xətti seçib, gənclərdə vətənpərvərlik hisləri aşılamağa çalışıb. Layihənin rəhbəri də elə Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovadır.Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında ensiklopedik materiallar dərc edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. Redaksiyanınhazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Bu kitablarda faşizm üzərində qələbənin 75 və 80 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb. Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya,eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.Redaksiyanınhazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. RespublikaXatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Tədbirintəşkilatçısı tanınmış jurnalist Fuad Mədətovdur.
İradə SARIYEVA